AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2016-cı ilin I yarısı üzrə hesabatı təqdim olundu. Şöbə müdiri Şakir Mehdiyev rəhbərlik etdiyi şöbədə korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün metod və alqoritmlərin işlənilməsi istiqamətində elmi-tədqiqatların davam etdirildiyini bildirdi.
Məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə mühəndislik və proqram xidmətlərinin, eləcə də institutun şöbələri və Tədris-İnnovasiya Mərkəzinin (TİM) yeni kompüter avadanlıqları ilə təchiz olunması, AMEA Gəncə Bölməsinin Distant Tədris Mərkəzinin texniki bazasının təkmilləşdirilməsi işlərinin yerinə yetirildiyini söylədi.
Ş.Mehdiyev AMEA Əsas bina və Rəyasət Heyəti aparatında konfrans və iclasların müşayiət olunması, TİM-də dərslərin keçirilməsinə texniki dəstək və s. ilə bağlı görülmüş işləri diqqətə çatdırdı.
Barmaq izinə görə biometrik identifikasiya üsulunun TİM-də tətbiq edilməsinə dair eksperimental işlərin aparıldığını qeyd edən məruzəçi “Nitgen Hamster” adlı qurğunu əyani olaraq nümayiş etdirdi, onun iş prinsipi haqqında məlumat verdi.
O, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfrans, seminar və simpoziumlarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə əlaqədar yerinə yetirilmiş işlərdən danışdı.
Məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim dronların tətbiq sahələri, onlardan istifadənin texnoloji və hüquqi aspektlərinin araşdırılması, eləcə də kompüterlərin diaqnostikası üzrə əsaslı tədqiqatların aparılmasının zəruriliyini vurğuladı. Şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.