İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri “Horizon 2020” proqramı çərçivəsində keçirilən beynəlxalq tədbirdə çıxış edib

08 İyun 2016 - 15:00 | Konfranslar, İclaslar

Avropa Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyilə Qafqaz Universitetində “Horizon 2020” proqramı çərçivəsində “İqlim dəyişikliyi, enerji, sağlamlıq” mövzusunda məlumatlandırma tədbiri keçirilib.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Fransanın Milli Elmi Araşdırma Mərkəzi və Pasteur İnstitutunun, Macarıstanın Elm və İnkişaf üzrə Regional Mərkəzinin, Ukraynanın Odessa Dövlət Ekologiya Universitetinin nümayəndələri də daxil olmaqla, müvafiq sahələr üzrə fəaliyyət göstərən 80-dən çox alim və mütəxəssis iştirak edib.

Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Avropa İttifaqının “Horizon 2020” proqramının mahiyyəti, icra prinsipləri və əhatə dairəsi barədə məlumat verib. Ə.Saniç rəhbərlik etdiyi universitetin bu proqram çərçivəsində həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib. Qeyd edib ki, tədbir alim və mütəxəssislərin müxtəlif layihələrdə iştirakının təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva çıxış edərək “İqlim dəyişikliyi, enerji, sağlamlıq” mövzusunda keçirilən məlumatlandırma tədbirinin önəmini vurğulayıb. Avropa İttifaqının tədqiqat və innovasiya üzrə proqramı “Horizon 2020”nin alimlərin elmi ideyalarının həyata keçirilməsinə böyük dəstək verdiyini diqqətə çatdırıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev “Eastern Partnership Connect” layihəsinin Avropa ilə elm və təhsildə əməkdaşlıq üçün təqdim etdiyi imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, “Horizon 2020”nin Avropanın tədqiqat və innovasiya üzrə ən böyük proqramı olduğunu və layihəyə 80 milyard avro vəsaitin cəlb edildiyini bildirib. Layihənin elmi nailiyyətlərin əldə edilməsi və unikal ideyaların həyata keçirilməsində mühüm rol oynadığını söyləyib.

Məruzəçi qeyd edib ki, iqlim dəyişikliyi, enerji və sağlamlıq üzrə aparılan fundamental tədqiqatlar müvafiq sahələrdə mövcud problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu kimi əsaslı tədqiqatların aparılması üçün isə yüksəksürətli internet şəbəkəsi tələb olunur: “Məsələn, Qırğızıstanda Tətbiqi Yer Elmləri üzrə Mərkəzi Asiya İnstitutu əriyən buzlaqların monitorinqini apararaq yerli əhali üçün risklərin azaldılması istiqamətində tədbirlər həyata keçirir. Bunun üçün qısa müddətdə böyük tutuma malik faylları ötürmək lazımdır. Yüksək sürət və ötürücülük qabiliyyəti məlumatların real vaxt rejimində ötürülməsini təmin edərək ekoloji problemlərin qarşısının alınmasına yardım edir”.

V.Musayev Avropa Komissiyasının 2015-ci ildə “Open Science Cloud” (Açıq Elm Buludu) layihəsinə start verdiyini bildirib. Layihənin tədqiqatçıları və vətəndaşları dövlət tərəfindən maliyyələşdirilən elmi tədqiqatların nəticələrinə, nəşrlərə və verilənlər bazalarına ödənişsiz onlayn çıxış ilə təmin etdiyini, 1,7 milyon avropalı tədqiqatçının “Açıq Elm Buludu”ndan yararlanacağını söyləyib. Bildirib ki, Avropa yeni tədqiqat infrastrukturları, data mərkəzlər, superkompüterlər, bulud servisləri, qabaqcıl şəbəkə infrastrukturu və yaradılmış infrastrukturun əsasında yeni xidmətlərə investisiya qoymaq niyyətindədir.

O, Avropanın elm və təhsil üçün kompüter şəbəkəsi – GEANT haqqında məlumat verərək təşkilatın 40 ölkəyə və 50 milyon istifadəçiyə yüksək səviyyəli şəbəkə xidməti göstərdiyini diqqətə çatdırıb. GEANT assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə Şərqi Avropa ölkələrini birləşdirən elm və təhsil üzrə yüksəksürətli regional internet şəbəkəsinin yaradılması və bu ölkələrin Avropanın elektron elm infrastrukturuna qoşulması üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EaPConnect” (Eastern Partnership Connect) layihəsinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, layihənin əsas hədəfi Şərq Tərəfdaşlığı (ŞT) regionundakı ölkələrdə fəaliyyət göstərən alim, tədqiqatçı, müəllim və tələbələrin tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasını təmin etməkdir. “EaPConnect” Avropa ilə ŞT ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədi daşıyır.

Məruzəçi nəzərə çatdırıb ki, Azərbaycan 2016-cı ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm-kompüter şəbəkəsi üzərindən Pan-Avropa elm və təhsil şəbəkəsinə 1 Gbit/san sürətlə çıxış imkanı əldə edəcək. Bildirib ki, artıq azərbaycanlı alimlər beynəlxalq elmi layihələrin reallaşdırılması üçün yeni elektron infrastruktur əsasında böyük texnoloji imkanlar əldə edəcəklər. Avropanın “Açıq Elm Buludu” layihəsi istiqamətində yaratdığı superkompüterlər, data mərkəzlər və digər resurslar alimlərimiz üçün əlçatan olacaq.

Tədbirdə həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, həmin institutun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Qafqaz Universitetinin Təhlükəsizlik və Enerji Tədqiqatları Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Ceyhun Mahmudlu proqrama dair məruzələrlə çıxış ediblər.

Tədbir işini “Sağlamlıq və rifah”, “İqlim dəyişikliyi və ətraf mühit” və “Enerji” seksiyaları üzrə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.