AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 saylı şöbənin “Elektron tibdə informasiya təminatının bəzi məsələləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi. Məruzəni təqdim edən institutun böyük elmi işçisi Mərziyə İsmayılova tibdə informasiya xidmətləri, tibbi informasiyaların emalı texnologiyaları və texnoloji səviyyələri, tibbi müəssisənin informasiya sistemləri, elektron klinik sənədlər haqqında ətraflı məlumat verdi.
Tibdə informasiya xidmətlərinin göstərilməsi istiqamətlərindən bəhs edən məruzəçi bu xidmətlərə xüsusi və istehlakçı informasiya xidmətləri, informasiya təhsil xidmətləri, təminedici və sistemli informasiya xidmətlərinin daxil edildiyini nəzərə çatdırdı. Onun sözlərinə görə, informasiya məhsulunun yaradılmasında proqram məhsulunun hazırlanması üçün proqram mühitinin seçilməsi, qoyulmuş məsələnin həlli üçün sənədin stilinin seçilməsi, proqram məhsulununun informasiya xidməti bazarında yoxlanması və reallaşdırıması mərhələləri mühüm əhəmiyyət kəsb edir.
Hesablama mərkəzlərində yüksək məhsuldarlığa malik kompüterlərdə informasiyanın mərkəzləşdirilmiş emalının həyata keçirildiyini qeyd edən M. İsmayılova bu mərkəzlərdə informasiyanın saxlanılması və verilənlər bazasını dəstəkləyən bütün vasitələrinin, həmçinin sənədlərin hazırlanması və icrasının instrumental vasitələrinin mövcud olduğunu söylədi: “Bu mərkəzlər bütün regionun müalicə müəssisələrinə xidmət edir və səhiyyənin idarə edilməsinin müvafiq orqanlarına tabedir. Belə mərkəzlərin personalının tərkibinə tibb işçilərindən əlavə, kompüter sistemlərinin fəaliyyətini təmin edən texniki profilli mühəndislər, proqramçılar, dizaynerlər, sistem administratorları daxildir”.
“İnformasiya texnologiyalarının ən fəal istiqamətlərindən biri də avtomatlaşdırılmış iş yerinin işlənilməsi və tətbiqidir”, – deyə bildirən M. İsmayılova avtomatlaşdırılmış iş yerlərinin personalın peşəkar fəaliyyəti ilə bağlı məsələlərin icrası üçün nəzərdə tutulmuş aparat proqram təminatı olduğunu diqqətə çatdırdı.
İnformasiya sistemlərinin həkim, orta tibb işçisi, köməkçi və inzibati-təsərrüfat bölməsi üzrə sistemləşdirildiyini bildirən məruzəçi qeyd etdi ki, bu sistemlər tibbi monitorlar, sistem blok, informasiyanın saxlanması və surətlərin alınması üçün qurğular, lokal hesablama şəbəkəsi və internetə qoşulmaq üçün qurğular, o cümlədən sistem və xüsusiləşdirilmiş proqram təminatlarından ibarətdir.
O, həmçinin elektron klinik sənədlər barədə məlumat verərək müalicə müəssisələrində dövr edən elektron sənədlərin geniş yayılmış formalarından olan elektron xəstəlik tarixçəsi, ambulator xəstənin tibbi kartı, pasiyentlərin son diaqnozunun qeydiyyatı üçün statistik talon, ambulator pasiyentin vahid talonu və s. haqqında danışdı.
Sonda M.İsmayılova bildirdi ki, yaşadığımız informasiya cəmiyyəti ancaq informasiya istehsalı ilə deyil, həm də müxtəlif fəaliyyət sahələrində informasiyanın rolunun artması ilə xarakterizə olunur, informasiya “yeni neft” adlandırılan resurs kimi dəyərləndirilir və cəmiyyətinin hərəkətverici qüvvəsinə çevrilir. Məruzəçi qeyd etdi ki, bu işdə informasiya texnologiyalarının, xüsusilə də internetin rolu danılmazdır. İnformasiya texnologiyalarının tətbiqi ilə tibb və səhiyyə sahəsində geniş informasiyalaşdırma tendensiyasının müşahidə olunduğunu, bu sahədə toplanmış informasiya təminatından müxtəlif tibbi xidmətlərin göstərilməsində geniş istifadə olunduğunu nəzərə çatdıraraq bildirdi ki, son illərdə tibbi informasiyanın həcminin böyük sürətlə artması (elektron tibbi yazılar, elektron tibbi təsvirlər və s.) bu sahədə yeni texnologiyaların tətbiqi zərurətini yaratmışdır.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.