Son illər innovativ informasiya texnologiyalarının sürətli inkişafı və tibbi informasiya sistemlərində tətbiqi elektron səhiyyənin yaranmasına səbəb olmuşdur. Səhiyyənin informasiyalaşdırılması tibbi xidmətlərin sferasının genişləndirilməsi və pasiyentlərin sağlamlıq vəziyyətinə nəzarət baxımından effektiv təsirə malikdir. Müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) müxtəlif profilli tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, tibbi praktikada bir çox xəstəliklərin aşkarlanması, diaqnostikası və müalicəsində yeni metodların tətbiq edilməsinə də imkan verir.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Aybəniz Əliyeva 1 saylı şöbənin elmi seminarında çıxışı zamanı səsləndirib.
“Elektron tibbə dair beynəlxalq qurumların və xarici ölkələrin təcrübəsi: çağırışlar, strategiyalar, konsepsiyalar” mövzusunda məruzəni təqdim edən A.Əliyeva beynəlxalq qurumların və inkişaf etmiş ölkələrin, həmçinin MDB ölkələrinin e-səhiyyə strategiyaları, konsepsiyaları və siyasəti haqqında ətraflı məlumat verib.
İnformasiya texnologiyalarının inkişaf səviyyəsindən asılı olmayaraq e-səhiyyənin qlobal məsələyə çevrildiyini qeyd edən məruzəçi bildirib ki, bu mövzu 2003-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində və 2005-ci ildə Dünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında müzakirə olunmuş, e-səhiyyə üzrə qətnamə qəbul edilmişdir. Bununla da İKT sağlamlığın qorunmasında, tibbi-sanitar xidmətlərinin göstərilməsində və səhiyyə sistemlərinin dəyişikliyində mühüm rol oynamağa başlamış, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən e-səhiyyə sahəsində bir sıra təşəbbüslər irəli sürülmüşdür.
Onun sözlərinə görə, 2005-ci ildə 175 ölkənin iştirakı ilə Tunisdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində dünyanın səhiyyə sahəsindəki biliklərinə və teletibb xidmətlərinə giriş imkanlarının genişləndirilməsi, xüsusilə də fövqalədə hallarda qlobal əməkdaşlıq, həyat şəraitinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək məqsədilə səhiyyə sahəsinin mütəxəssislərinin şəbəkəsinin birləşdirilməsi (bir-biri ilə əlaqə imkanına malik olması) kimi məsələlər öz təsdiqini tapmışdır.
2010-cu ildə BMT tərəfindən qadın və uşaqların ölüm göstəricilərinin aşağı salınmasına istiqamətlənmiş “Qadınların və uşaqların sağlamlığının qorunması üzrə Qlobal Strategiya” (Global Strategy for Women’s and Children’s Health) qəbul edilmişdir.
Avropa Komissiyasının “2012-2020-ci illər üçün elektron sağlamlıq Fəaliyyət Planı” (eHealth Action Plan 2012-2020) pasiyentlərin və səhiyyə işçilərinin imkanlarının genişləndirilməsi, tibbin fərdiləşdirilməsi üzrə tədqiqatlara investisiya qoyuluşu, qurğuların və texnologiyaların əlaqələndirilməsi və mobil sağlamlıgın (mHealth) inkişafına istiqamətlənmişdir. Plan çərçivəsində uşaqlarda ürək, iltihab xəstəlikləri, beyin şişləri ilə bağlı əsas klinik məlumatların birgə toplanması və erkən diaqnozların qoyulmasına imkan verən “Health-e-Child” əməkdaşlıq platforması yaradılmış, ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsinin fərdiləşdirilməsi üzrə euHeart layihəsi, süd vəzi xərçənginin erkən aşkarlanması və dəqiq diaqnozunun qoyulması üzrə HAMAM (Highly Accurate Breast Cancer Diagnosis through Integration of Biological Knowledge, Novel Imaging Modalities, and Modelling) layihəsi, qaraciyərin cərrahiyyəsi sahəsində isə PASSPORT (PAtient-Specific Simulation and PreOperative Realistic Training for liver surgery) layihəsinin həyata keçirilməsinə başlanmışdır.
Aİ ölkələrində vahid “eHealth” proqramının həyata keçirildiyini söyləyən məruzəçi bildirib ki, proqramın əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə pasiyent haqqında tibbi verilənlərin emalı, pasiyentin yaşadığı yerdən asılı olmayaraq sığortanın təmin olunmasından ibarətdir. Proqram çərçivəsində elektron sağlamlıq kartlarının istifadəsi, tibbi xidmətlərin fərdiləşdirməsi, İKT infrastrukturunun inkişafı, tibbi informasiyanın regional mərkəzlərinin yaradılması, tibbi məlumatların elektron mübadiləsinin təşkili, vahid reyestrlərin, məlumat kitabçalarının və təsnifatların yaradılması və teletibb istiqamətlərində layihələr həyata keçirilir. Aİ tərəfindən “eHealth” proqramının yerinə yetirilməsinə təxminən 317 milyon avro həcmində maliyyə vəsaiti ayrılmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının son qiymətləndirməsinə görə, dünya ölkələrinin 60 faizindən çoxu e-səhiyyə sahəsində strategiyalarını hazırlayıb həyata keçirməkdədir. Artıq 5 ildən çoxdur ki, ABŞ, Kanada və Avropa Birliyi ölkələrində səhiyyənin informasiyalaşdırılması üzrə milli proqramlar həyata keçirilir.
Məruzəçinin sözlərinə görə, 2012-ci ildə üzv dövlətlərə yardım məqsədilə ÜST və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən elektron səhiyyə sahəsində milli strategiya üzrə “Metodik təlimat” hazırlanmışdır. Təlimatda milli şərait və prioritetlər nəzərə alınmaqla, ölkələrdə elektron səhiyyənin milli konsepsiyası, fəaliyyət planı və monitorinq sisteminin hazırlanması və reallaşdırılması metodikası təqdim edilmişdir.
İnkişaf etmiş ölkələrin e-səhiyyə siyasətindən söz açan A.Əliyeva qeyd edib ki, ABŞ-da e-səhiyyə 2009-cu ildə qəbul edilmiş “İqtisadi fəaliyyətdə və kliniki təcrübədə tibbi informasiya texnologiyalarının tətbiqi haqqında qanun” çərçivəsində həyata keçirilir. 2011-ci ildə ABŞ hökuməti informasiya texnologiyalarının səhiyyədə tətbiqi ilə bağlı strategiyanın həyata keçirilməsinə başlamışdır. Strategiyanın əsas hədəfləri pasiyentlərin təhlükəsizliyinin təmin olunması, müalicənin keyfiyyətinin yaxşılaşdırılması, həkimlərin tibbi informasiya sistemindən istifadəsinin stimullaşdırılması olmuşdur.
2002-ci ildə Böyük Britaniyada pasiyentlərə göstərilən xidmətlər də daxil olmaqla, bütün xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə “İnformasiya texnologiyalarının inkişafı üzrə milli proqram” hazırlanmışdır. Məlumatların keyfiyyəti və onların mübadiləsi üzrə vahid milli standartların yaradılması, hər bir pasiyentin fərdi tibbi verilənlərinə girişinin təmin olunması proqramın əsas hədəflərindən olmuşdur. Hazırda Böyük Britaniyada pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “NHS Connecting for Health” proqramı həyata keçirilir. Proqramın həyata keçirilməsinə 25 milyard dollar investisiya ayrılmışdır.
O, bildirib ki, Yaponiyanın səhiyyə sistemi dövlət borcunun yaranmasına səbəb olmuşdur və ölkənin müflis olmasına gətirib çıxara bilər. Buna görə də bir çox tədqiqatçılar Yaponiyanın səhiyyə sisteminin effektsiz və israfçı olması qənaətinə gəlirlər.
Məruzəçi həmçinin Kanada, İsveç, Cənubi Danimarka, Estoniya, Avstraliya, Cənubi Koreya, Rusiya, Qazaxıstan kimi ölkələrin e-səhiyyə siyasəti haqqında ətraflı məlumat verib.
A.Əliyeva Azərbaycanda digər sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də informasiyalaşdırılmasına başlandığını qeyd edib. Ölkədə səhiyyə sahəsindəki mövcud problemlərin həlli üçün e-səhiyyənin inkişaf etdirilməsinin və tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz internet şəbəkəsinə qoşulmasını təmin edən tibbi informasiya sistemlərinin, elektron qeydiyyat reyestrlərinin, elektron tibbi kart sisteminin yaradılması, tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron saglamlıq sistemi ilə əlaqələndirilməsi, ümumi istifadə üçün tibbi resursların yaradılmasının zəruriliyini vurğulayıb.
Sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.