AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş elmi seminar keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə tədbir iştirakçılarını 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təbrik etdi. 2006-cı ildən etibarən hər il qeyd olunan bu beynəlxalq günün əsas məqsədinin internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərmək olduğunu bildirdi: “1865-ci ilin may ayının 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulmuş və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılmışdır. 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmişdir. BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etmişdir”.
Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlərin təşkil olunduğunu diqqətə çatdıran akademik cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün “Sosial təsirlər naminə İKT sahəsində sahibkarlıq fəaliyyəti” mövzusuna həsr olunduğunu vurğuladı. Bildirdi ki, 2006-cı ildən etibarən hər il 17 may AMEA İnformasiya Texnologiyaları İnstitutunda BTİ-nin çağırışlarına müvafiq olaraq Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yüksək səviyyədə qeyd olunur.
Müasir dövrdə İKT-nin hər bir dövlətin ümumi inkişaf səviyyəsi və intellektual potensialından xəbər verən sosial, iqtisadi və mədəni yüksəlişini təmin edən mühüm göstəricilərdən birinə çevrildiyini qeyd edən R.Əliquliyev hazırda ölkəmizdə informasiya və biliklər iqtisadiyyatının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-kommunikasiya xidmətlərinin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi. Alim İKT-nin sosial problemlərin həllində də böyük rola malik olduğunu qeyd edərək elmi seminarın məhz bu problemlərin müzakirəsinə yönəldiyini diqqətə çatdırdı.
Sonra institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “İKT sferasında sahibkarlığın sosial problemlərin həllinə təsiri” mövzusunda məruzəni təqdim etdi. Ə.Əliyev 2010-2016-cı illərdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün fəaliyyət istiqamətləri, dünyada və Azərbaycanda iqtisadiyyatın inkişaf tendensiyaları, sosial məsələlərin həlli istiqamətləri, Azərbaycanda biliklərə və innovasiyaya əsaslanan iqtisadiyyatın formalaşması, sahibkarlıq fəaliyyətinin məqsəd və vəzifələri, Azərbaycanda İKT sferasında sahibkarlığın inkişaf vəziyyəti və onun sosial məsələlərə təsiri problemləri və s. haqqında ətraflı məlumat verdi.
O, son dövrlər İKT-nin dinamik inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, iqtisadi-sosial münasibətlərin tərkib hissəsinə çevrildiyini qeyd etdi, İKT-nin ən yeni nailiyyətlərinin bir çox sahələrdə tətbiq edildiyini və cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaratdığını söylədi.
Ə.Əliyev dünyada və Azərbaycanda iqtisadiyyatın inkişaf tendensiyaları haqqında məlumat verərək Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, 2015-ci ildə dünya üzrə Ümumi Daxili Məhsulun (ÜDM) həcminin 73,2 trilyon dollar təşkil etdiyini diqqətə çatdırdı. Dünya ölkələrinin iqtisadi artım sürətini təqdim etdi və qabaqcıl dövlətlərinin əsas inkişaf tendensiyalarına müvafiq olaraq dünya üzrə ÜDM-in 1 faizdən çoxunu istehsal edən Azərbaycanda iqtisadiyyatın informasiya, bilik, İKT, texnologiya və innovasiyaya əsaslanaraq inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.
Dünya Bankının “Qlobal iqtisadi perspektivlər – 2016-cı il” üçün hesabatını təqdim edən şöbə müdiri cari ildə ölkəmizdə 0,8 faiz artım qeydə alınacağını önə çəkdi. Dünya İqtisadi Forumunun rəsmi məlumatına əsasən, qlobal iqtisadi perspektivlər üzrə proqnozları nəzərə çatdırdı, rəqabətqabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricinin təqdim olunduğunu bildirdi. Onun sözlərinə görə, bu göstəricilərə keyfiyyət, infrastruktur, makroiqtisadi sabitlik, sağlamlıq və ilkin təhsil, əmək bazarının səmərəliliyi, texnoloji səviyyə, daxili bazarın həcmi və s. daxildir.
Ə.Əliyev, həmçinin Qlobal İnnovasiya İndeksi, bu indeksin hesablanmasında istifadə olunan əsas və alt göstəricilər, Azərbaycanda iqtisadi inkişaf göstəricilərini diqqətə çatdırdı.
Bildirdi ki, Azərbaycanda biliklərə və innovasiyaya əsaslanan iqtisadiyyatın formalaşdırılması ölkə rəhbərliyinin diqqət mərkəzindədir və bu proses ölkəmizdə ardıcıl olaraq həyata keçirilməkdədir: “Azərbaycanda İKT üzrə regionda qabaqcıl mövqeyini ildən-ilə möhkəmləndirməkdədir. Ölkədə neftdən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması, İKT-nin inkişafı ilə respublikada biliklərə əsaslanan innovasiya yönümlü iqtisadiyyatın qurulması, elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya məhsul və xidmətlərinə tələbatının ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması nəzərdə tutulur”.
Azərbaycanda İKT-nin inkişaf perspektivlərindən danışan Ə.Əliyev ölkədə İKT sektorunun inkişaf etdirilməsi və biliklər iqtisadiyyatının formalaşdırılması ilə iqtisadiyyatın digər sahələrinin də optimallaşdırması, idarəetmənin effektivləşdirməsinə nail olunmasının mümkünlüyünü nəzərə çatdırdı. Sosial inkişaf haqqında bir sıra dövlət proqramlarının təsdiq olunduğunu qeyd edən şöbə müdiri “Demoqrafik İnkişaf Konsepsiyası” və digər normativ-hüquqi sənədlər əsasında “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsinin hazırlandığını qeyd etdi.
Biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun inkişafı, ixrac potensialının artırılması və idxaldan asılılığın azaldılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirərək regional inkişafa kömək, mənzil quruculuğu, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, maliyyə bazarlarının inkişaf etdirilməsi, yoxsulluğun azaldılması və davamlı inkişafı, dövlət proqramları və səmərəli idarəetmənin sosial problemlərin həlli istiqamətində atılan mühüm addımlardan olduğunu vurğuladı.
Ə.Əliyev, həmçinin Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyəti, sahibkarlığın inkişafı haqqında ölkə qanunvericiliyi, Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafına dəstək təşkilatları, ölkədə sahibkarlığın innovativ inkişafı istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda sahibkarlığın inkişaf dinamikası, ÜDM-də özəl sektorun payı, ölkədə həyata keçirilən startap layihələri və s. barədə ətraflı məlumat verdi, sahibkarlıq subyekləri haqqında statistik məlumatların təhlili nəticələrini diqqətə çatdırdı.
Sahibkarlığın innovativ inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan məruzəçi bu istiqamətdə normativ-hüquqi bazanın və institusional mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sahibkarların maliyyə təminatının və sahibkarlığın istehsal, bazar, sosial infrastruktur təminatının yaxşılaşdırılması, müasir bazar infrastrukturu mexanizmlərinin inkişafının sürətləndirilməsi, regioinlarda kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsinin vacib məsələlərdən olduğunu dilə gətirdi. O, konkret olaraq sosial məsələlərin həllinə yönəldilmiş bir sıra startap layihələrinin mahiyyətini şərh etdi, perspektiv araşdırma və işlənilmə mövzularını, istiqamətlərini təklif etdi.
Sonda Ə.Əliyev bildirdi ki, ölkəmizdə İKT sferasinda sahibkarlıq fəaliyyətinin daha da inkişafı etdirilməsi üçün İKT sahəsində sahibkarlıq fəaliyyəti beynəlxalq tendensiyalara müvafiq olaraq aparılmalı, İKT sferasında sahibkarlığın inkişafı layihələrində sosial məsələlərin həllinə diqqəti artırmalı, startap layihələrində İKT və sosial yönümlü layihələrin reallaşdırılmasına yeni dəstəkləyici mexanizmlər işlənilməli, akademik tədqiqatlarda İKT-in və sahibkarlığın iqtisadi inkişafa təsirinin tədqiqi işlərini gücləndirməli, o cümlədən elmi-tədqiqat işlərində investisiyaların və innovasiyaların sosial yönümlü layihələrin iqtisadi inkişafa təsiri araşdırılmalı, akademik mühitdə İKT sahibkarlığının və sosial məsələlərin həllinin sürətləndirilməsi istiqamətində startap şirkətlərinin və ictimai birliklərin formalaşmasına kompleks dəstək verilməsi istiqamətində tədbirlər həyata keçirilməlidir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.