“Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işi müzakirə olunub

07 Aprel 2016 - 09:41 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclasında iddiaçı Ali Amoojinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işi müzakirə olunub. İddiaçı işin aktuallığı, məqsədi və bu məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb.

A.Amooji yanlış diaqnoz qoyulması nəticəsində ölümlərin sayının artması, MRI, SCAN və EEG nəticələrindən əldə edilmiş verilənlərin həcminin çox olması, nevroloji xəstələrdə müşahidə olunan əlamətlərin mürəkkəbliyindən bəhs edərək bu sahədə həkim diaqnozunun qoyulmasını dəstəkləyən intellektual sistemlərin yaradılmasının vacibliyini nəzərə çatdırıb və bu baxımdan tədqiqat işinin aktuallığını vurğulayıb.

Qeyd edib ki, dissertasiya işinin məqsədi nevroloji xəstəliklərin dəqiq diaqnozunun qoyulması, onların proqnozunun verilməsi, eyni zamanda yeni metod və alqoritmlərdən istifadə etməklə müalicə ardıcıllığının sistemli şəkildə aparılmasına imkan verən ekspert sisteminin qurulmasıdır.

İddiaçının sözlərinə görə, tədqiqat işində nevroloji xəstəliklərin diaqnostikası üçün müasir vəziyyəti əks etdirən faktlar və biliklər toplanılmış, onlar arasındakı əlaqələr müəyyənləşdirilmişdir. Cari vəziyyətdə diaqnostik qərarların qəbul ediməsi üçün vəziyyət məntiqi strategiyası təklif edilmiş, onun formal təsviri və realizasiya mexanizmi göstərilmişdir. Sistemin çıxarış mexanizmi strategiyasında ontologiya modelindən istifadə edilmiş, bu istiqamətdə diaqnostika məsələsinin problem yönümlü həlli əsaslandırılmışdır.

Həmçinin epilepsiya xəstəliyinin növlərini ayırd etmək məqsədilə qeyri-səlis (fuzzy) çıxarış mexanizmi təklif edilmiş, Matlab mühitində bu məsələnin həllinə dair proqram təminatı hazırlanmışdır. Yaradılmış ekspert sistemi klinika şəraitində sınaqdan keçirilmiş və 83 faiz düzgün diaqnoz qoyulmasına nail olunmuşdur.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Çoxsaylı suallar cavablandırılıb.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə elmlər doktoru, professor Bayram İbrahimov və texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova mövzunun aktuallığını önə çəkərək müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər, irad və təkliflərini səsləndiriblər.

Sonda dissertasiya işinin növbəti mərhələyə keçirilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.