Britaniya Yayım Korporasiyası “BBC”nin dəstəyi ilə İngiltərə və Uelsdə şagirdlərin kompüter elmləri üzrə biliklərini təkmilləşdirmək üçün onlara proqramlaşdırmanı öyrədən yeni tədris proqramı hazırlanıb.
“Computerworld” jurnalının məlumatına görə, proqramda əsas diqqət uşaqların hazır kompüter proqramlarından istifadəsinə deyil, proqramlaşdırmanın tədrisinə yönəlib.
Qeyd edək ki, “BBC” mütəmadi olaraq müxtəlif texnologiya şirkətləri, dövlət qurumları və məktəblərlə əməkdaşlıq çərçivəsində uşaqları rəqəmsal texnologiyalar və proqramlaşdırmaya cəlb edən maarifləndirici layihələr həyata keçirir.
Hələ 30 il əvvəl “BBC” Böyük Britaniyada kompüter biliklərinin artırılması məqsədilə genişmiqyaslı layihələr reallaşdırırdı. Belə ki, korporasiyanın sifarişi ilə “Acorn” şirkəti məktəblər üçün “BBC” Micro” mikrokompüterini hazırlayaraq britaniyalı məktəblilərin texnologiya və proqramlaşdırmaya marağının artmasına kömək edib.