ABŞ-ın Miçiqan Universitetinin kompüter elmləri üzrə mütəxəssislərinin apardığı tədqiqat nəticəsində barmaq izinin smartfon və mobil proqramlar üçün mühafizə üsulu kimi etibarlı olmadığı aşkarlanıb.
payspacemagazine.com saytının məlumatına görə, son smartfon modellərində quraşdırılan barmaq izi skanerini printerin köməyilə “sındırmaq” mümkündür. Bunun üçün barmaq izini 300 dpi təsvir ölçüsündə skan edərək cizgiləri “AgIC” kağızında gümüşü mürəkkəblə çap etmək lazımdır.
Eksperiment zamanı alimlər “Samsung Galaxy S6” və “Huawei Honor 7” modellərindən istifadə ediblər. Bir müddət əvvəl hakerlər “Apple” şirkətinin biometrik mühafizəsinə də müdaxilə etməyə nail olublar. Belə ki, “iPhone 5” modelində quraşdırılmış “Touch ID” texnologiyası ilə hazırlanmış sistemi 3D-printerdə çap edilmiş barmaq izinin köməyilə “sındırmaq” mümkün olub.
Texnologiyadakı boşluğun smartfon istehsalçılarını qurğularda skanerlərin tətbiqindən imtinaya məcbur edəcəyi gözlənilir. Proqnozlara görə, 2019-cu ilədək smartfonların 50 faizindən çoxu barmaq izinə görə autentifikasiya texnologiyası ilə təchiz ediləcək. Hazırda barmaq izi vasitəsilə daha qiymətli hesab edilən ödəniş məlumatları da mühafizə olunur.