2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi 170 milyard dollara çatacaq

16 Mart 2016 - 10:00 | Maraqlı məlumatlar
2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi 170 milyard dollara çatacaq

“MarketsandMarkets” analitik şirkətinin məlumatına görə, 2020-ci ilədək informasiya təhlükəsizliyi bazarının həcmi 170 milyard dollara çatacaq ki, bu da hazırkı göstərici ilə müqayisədə 100 milyard dollar çoxdur. Ekspertlər qeyd edirlər ki, 2020-ci ilədək sızmanın qarşısını alan, “DoS” hücumlardan gələn zərəri azaldan məlumatların mühafizəsi üzrə bütün həllərə tələbat xeyli artacaq.

SecurityLab saytı bildirir ki, digər analitik şirkət “Gartner” də analoji göstəricilər proqnozlaşdırır. 2015-ci ilin noyabrına olan məlumata görə, şirkətlər təhlükəsizliyin təmin olunmasına təxminən 75 milyard dollar sərf ediblər. Analitik proqnozlara əsasən, cari ilin sonunadək bu göstərici 91 milyard dollaradək artacaq. 2019-cu ilədək isə təhlükəsizlik bazarının həcminin ümumilikdə 116 milyard dollaradək artacağı gözlənilir. 

“MarketsandMarkets” 2020-ci ildə dünya təhlükəsizlik bazarının həcminin 2015-ci ildəki 106,32 milyard dollardan 170,21 milyard dollaradək artacağını proqnozlaşdırır. Ümumi illik artımın 9,8 faiz təşkil edəcəyi gözlənilir.

Ekspertlər, həmçinin təhlükəsizlik idarəetmə servislərinə tələbatın artacağını bildirirlər. Proqnozlara görə, 2015-ci ildə bu kimi servislərin bazarda ümumi payı 40 faizə bərabər olub.