“Uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı ekspress-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Sabirə Allahverdiyeva, elmi redaktoru isə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevdir.
İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada uşaqların İnternetdə qarşılaşdığı təhlükələr və onların təsnifatı, uşaqların bu təhlükələrdən qorunması yolları göstərilir. Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud olan yanaşmalar və çağırışlar şərh edilir. Onlayn mühitdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, Əşyaların İnterneti, uşaqlar üçün nəzərdə tutulmuş sosial şəbəkələr və s. problemlər identifikasiya olunur. Nəticədə yeni təklif və tövsiyələr irəli sürülür.
Məlumat üçün qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamı günündə dünyanın 70-dən çox ölkəsində Təhlükəsiz İnternet Günü qeyd olunur. “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaq və yeniyetmələrin İnternetdən istifadəsini qlobal səviyyədə dəstəkləmək və diqqəti onların onlayn təhlükəsizliyinin təmini məsələlərinə yönəltməkdir. Həmin gün bütün maraqlı tərəflər – uşaqlar, gənclər, valideynlər, müəllimlər, siyasətçilər və s. bir araya gələrək uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi haqqında geniş fikir mübadiləsi aparır, problemlərin həlli üçün çalışırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.