ERASMUS+ təqaüd proqramı

23 Dekabr 2015 - 09:46 | Maraqlı məlumatlar
ERASMUS+ təqaüd proqramı

Avropa tələbə mübadiləsi proqramı olan ERASMUS 1987-ci ildən fəaliyyət göstərərək universitet tələbələri üçün ən azı 3 və maksimum 12 ay müddətində digər Avropa ölkəsində təhsil almaq imkanı təqdim edir. Layihənin adı Hollandiyanın intibah dövrünün görkəmli humanist və teoloqu rotterdamlı Desiderius Erasmusun adı ilə bağlıdır.

2014-cü ildən etibarən ERASMUS və digər proqramlar Avropa Birliyinin təhsil, təlim, gənclər və idman proqramı altında birləşərək ERASMUS + adlandırılıb.

Proqrama kimlər müraciət edə bilər?

ERASMUS + Proqramında iki qrup ölkələr – proqram ölkələri (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Birləşmiş Krallıq) və tərəfdaş ölkələr (bütün digər ölkələr) iştirak edə bilər. Tərəfdaş ölkələrdən olan tələbələr mübadilə proqramlarının hər hansı birində iştirak etmək üçün proqram ölkələrində fəaliyyət göstərən hər hansı universitet ilə əlaqə qurmalı, müvafiq sahə üzrə müəllim və ya professor seçməlidir.

Proqramda universitet tələbələri, eləcə də professor və universitet heyəti iştirak edə bilər.

Xərclər və dil problemi

Hər bir tələbənin xaricdəki yaşayış xərcləri, o cümlədən mübadilə proqramı çərçivəsində bütün universitet xərcləri ERASMUS+ proqramı tərəfindən qarşılanır. Bu məqsədlə hər bir tələbəyə təqaüd verirlir. Təqaüdlər hər bir tələbə üçün ayda 1000 avro məbləğində ola bilər.

Proqramda iştirak xərcləri

Tərəfdaş ölkələrdən olan tələbələr üçün ildə 9 000 avroyadək

 Proqram ölkələrindən olan tələbələr üçün ildə 4 500 avroyadək

Nəqliyyat xərcləri

Tərəfdaş ölkələrdən olan tələbələr üçün məsafədən asılı olaraq 2 000 -  3 000 € arasında

Proqram ölkələrindən olan tələbələr üçün ildə 1 000 €

Yaşayış xərcləri (maksimum 24 ay)

Tərəfdaş və proqram ölkələrindən olan tələbələr üçün ayda 1 000 €

Hər bir tələbə mübadiləsi üçün əsas şərtlərdən biri onun təhsil aldığı sahənin xarici universitet tərəfindən tanınmasıdır. Bunun üçün tələbə bitirdiyi universitetdən imtahan nəticələrini və təhsilini başa vurmasını təsdiq edən sənəd təqdim edilməlidir.

2016-cı il üçün ERASMUS + təqaüd proqramına müraciət etmək üçün son tarix 2 fevral 2016-ci ildir. 

Bundan əlavə, tələbələr Erasmus onlayn dil kurslarında iştirak edərək dil bacarıqlarını inkişaf etdirə bilərlər.

ERASMUS + Proqramı haqqında daha ətraflı məlumatı Avropa Komissiyasının ec.europa.eu saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.