AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevin “Повышение эффективности мониторинга компьютерных сетей на основе оптимизации системы поллинга” (“Pollinq sisteminin optimallaşdırılması əsasında kompüter şəbəkələrinin monitorinqinin effektivliyinin artırılması”) adlı məqaləsi “Информационные технологии” (Rusiya) jurnalında dərc olunub.
Məqalədə kompüter şəbəkələrinin (KŞ) monitorinqinin effektivliyinin artırılması üçün metodologiya təklif edilmişdir. Əsas məqsəd mövcud şəbəkə resursları çərçicəsində KŞ-nin şəbəkə qovşaqlarının monitorinqinin optimallaşdırılmasından ibarətdir. Lakin müasir KŞ-lər çox mürəkkəb və qeyri-müəyyən sistemlər olduğu üçün onların determinik modellər şəklində təsviri çətinləşir. Buna görə də, pollinq sistemi modelinin istifadəsi təklif edilir və onun optimallaşdırılması nəticəsində KŞ-nin monitorinqinin optimallaşdırılmasına nail olunur. Məlum olduğu kimi, pollinq sistemlərinin optimallığının əsas göstəricilərindən biri sorğuların növbədə orta gözləmə vaxtının minimallaşdırılmasıdır. Bu məqsədlə KŞ-nin monitorinqi prosesinin optimallaşdırılması məsələsi KŞ-nin qovşaqlarının pollinqi modelinin sorğuların növbədə orta gözləmə vaxtının minimallaşdırılması yolu ilə optimallaşdırılması məsələsinə gətirilmişdir. Təklif edilmiş metodologiya KŞ-nin monitorinqinə sərf olunan vaxtın azaldılmasına və monitorinq verilənlərinin fasiləsiz yenilənməsi və aktuallığının təmin edilməsinə imkan verər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.