Ağıllı qurğular tədricən gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Bəzən olduqca qəribə ağıllı qurğulara rast gəlinir. Datçiklərlə və internetə çıxışla təchiz edilmiş 5 ən qeyri-adi qurğu haqqında məlumatı təqdim edirik.
Dubayda quraşdırılmış ağıllı palma günəş batareyaları ilə işləyən 6,5 metr hündürlüyündə süni ağacdır. Palma bir çox funksiyalara malikdir: 100 metr radiusu əhatə edən ödənişsiz Wi-Fi, mobil telefonların enerji ilə doldurulması üçün 8 slot, məlumat xidməti və reklam ekranları. Bundan əlavə, ağıllı ağac video müşahidə sistemi ilə təchiz edilib. Gecələr ətrafı işıqlandıran süni palma ağaclarını “D-Idea Media” adlı ərəb şirkəti istehsal edir.
“Bluetooth” vasitəsilə smartfona qoşulan ağıllı çətir artıq sifariş üçün əlçatandır. “HAZ Umbrella” adlı qurğu bir elektron düymə ilə açılıb-bağlanır. “Bluetooth” üzrə əlaqə kəsildikdə çətir smartfona xəbərdarlıq ismarıcı göndərir.
“HealthWatch” şirkəti tərəfindən hazırlanmış “hWear” adlı ağıllı köynək datçiklərlə təchiz edilib. Köynək onlayn rejimdə fiziki göstəricilərin əksəriyyətinin izlənilməsinə kömək edir. Bu kimi informasiya risk qrupuna daxil olan və ya xroniki ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalıdır.
Köynək elektrokardioqramma müayinəsi aparır, bədənin temperaturunu və nəfəsin tezliyini ölçür, orqanizmin ümumi vəziyyətinin gözlənilmədən pisləşməsi haqqında məlumat verir. Qəbul olunmuş informasiyanı yaddaşda saxlaya, müntəzəm olaraq və ya ekstremal hallarda qeyd edilmiş kontaktlara göndərə bilir.
“MOTA SmartRing” ağıllı üzüyünü artıq sifariş etmək mümkündür. Üzük vibrasiya rejiminin köməyilə elektron poçta gəlmiş yeni məktub, sosial şəbəkələrdəki ismarıc və daxil olan zənglər haqqında məlumatı ötürür. Qadjetin enerji ilə doldurulması simsiz üsulla həyata keçirilir. Bunun üçün qurğunu xüsusi lövhə üzərinə yerləşdirmək kifayətdir.
Çinin “Xiaomi” şirkəti geyim istehsalçısı kimi tanınan “Li-Ning” ilə birgə ağıllı ayaqqabı istehsal edib. Suya qarşı davamlı olan ayaqqabı kalorini və sahibinin addımlarını hesablayaraq məlumatı “Bluetooth” vasitəsilə smartfona ötürür.