İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Öncə konfrans iştirakçıları Naxçıvan Dövlət Universitetinin (NDU) elektron təhsil sistemi və rəqəmsal multimedia infrastrukturu ilə tanış olublar. Bildirilib ki, ali təhsil ocağında informasiya-kommunikasiya texnologiyalarının (İKT) ən son nailiyyətləri tətbiq olunub, yüksək tələblərə cavab verən elektron idarəetmə və tədris sistemi yaradılıb. İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində 30 terabayt həcmində xüsusi serverlər və internet paylaşdırıcılar yerləşdirilib, universitet vahid telefon şəbəkəsinə qoşulub. Mərkəzi serverdə universitetin tələbə və müəllim kontingenti haqqında məlumatlar, idarəetmə ilə bağlı sənədləşmə işləri, müəllimlərin elektron imzaları yerləşdirilib, tədris planları və mühazirələrin elektron bazası yaradılıb, elektron mühazirə və imtahan otaqları istifadəyə verilib. Rəqəmsal multimedia infrastrukturu videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb, universitet televiziyasının texniki imkanları yüksəldilib. Televiziyada ən müasir kameralar, video və səs sistemləri, montaj avadanlıqları və virtual studiya quraşdırılıb, onlayn dərslərin hazırlanması və çəkilişlərin aparılması üçün xüsusi proqramla təmin olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, AMEA prezidenti, akademik Akif Əlizadə və konfrans iştirakçıları Konservatoriya binasının foyesində universitetin müəllim və tələbələrinin müxtəlif mövzu və janrlarda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə də tanış olublar.
Daha sonra NDU-nun Konservatoriya binasının akt zalında “Elektron Naxçıvan–10: təhsil prosesinin təkmilləşdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Konfransda çıxış edən NDU-nun rektoru, professor Saleh Məhərrəmov muxtar respublikada təhsil sistemində İKT-dən geniş istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, rəhbərlik etdiyi elmi müəssisədə də bu istiqamətdə mühüm işlər görülüb, idarəetmə sistemi və tədris prosesi yüksək texnologiyalar əsasında qurulub. Universitetdə 42 elektron lövhə, 750-yə yaxın kompüter, 15 elektron kürsü quraşdırılıb. S.Məhərrəmovun sözlərinə görə, yaradılan şərait tədrisin səviyyəsini yüksəltməklə yanaşı, müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, son 20 ildə universitetdə 200-ə yaxın beynəlxalq və ölkə əhəmiyyətli elmi konfrans və simpoziumlar keçirilib. Həm elektron məkanda, həm də elmi mühitdə qarşılıqlı əlaqələr inkişaf edib, elmin, təhsilin, tədrisin, tələbə və müəllim mobilliyinin inkişafına nail olunub.
Sonra muxtar respublikada informasiya cəmiyyətinin formalaşdırılması və “Elektron Naxçıvan” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, 2005-ci ildən başlayaraq hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq konfransı bu gün çox mühüm məsələyə - təhsil prosesinin təkmilləşdirilməsində İKT-nin roluna həsr olunub.
İKT-nin insanların gündəlik həyatına nüfuz etdiyini, elmin və təhsilin inkişafında, müasir iqtisadi sistemin formalaşdırılmasında mühüm faktora çevrildiyini söyləyən Ali Məclisin Sədri qeyd edib ki, Azərbaycanda yeni texnologiyaların tətbiqinə ötən əsrin 70-ci illərindən başlanılmışdır. O dövrdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası iki istiqamətdə həyata keçirilirdi. Bu istiqamətlərdən biri tarixi-mədəni irsin və milli dəyərlərin qorunub yaşadılması idisə, digər istiqamət müasir texnologiyalı iqtisadi sistemin formalaşdırılmasına hesablanmışdı. Azərbaycanda hesablama texnika və avadanlıqlarının istehsalı hesabına hələ o dövrdə informasiya texnologiyalarının təhsil sahəsinə tətbiqinin əsası qoyulmuşdu.
Prezident İlham Əliyevin informasiya texnologiyalarının inkişafını prioritet sahə elan etdiyini söyləyən Ali Məclisin Sədri qeyd edib ki, bu gün Azərbaycanı gələcəyə aparan yolun uğurları aydın görünür. Bu yol xalqın həyat tərzinin daha da yaxşılaşmasına, rifah və tərəqqiyə hesablanıb. Bunun üçün ardıcıl tədbirlər görülür. Bütün sahələrdə müasir texnologiyalar tətbiq olunur.
V.Talıbov bildirib ki, Naxçıvan Muxtar İKT infrastrukturu ilbəil müasirləşdirilir. Yaşayış məntəqələrində yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rabitə xidmətlərinin səviyyəsini artırmış, mövcud avtomat telefon stansiyalarının 96 faizi fiber-optik arabağlantı ilə təmin edilmişdir. Bu gün Naxçıvan şəhərində də, ən ucqar dağ kəndində də əhali və təhsil alanlar İKT-nin imkanlarından eyni səviyyədə yararlanırlar. Bu gün Naxçıvanda sürətlə kompüterləşmə gedir. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 80 faizindən çoxunda isə simsiz internet xidmətləri göstərilir.
Ali Məclisin Sədri təhsildə informasiya texnologiyalarının tətbiqinin cəmiyyətin intellektual inkişafının başlıca şərti olduğunu vurğulayaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında elektron təhsilin inkişafı sahəsində görülən işlər məhz bu məqsədə xidmət edir. Muxtar respublikanın ali, orta ixtisas, peşə və ümumtəhsil məktəblərində elektron tədrisdən istifadə təmin edilmiş, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə quraşdırılmış, sürətli internetə çıxış imkanı yaradılmış, distant təhsil şəbəkəsi qurulmuşdur. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilmiş, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılmışdır.
Bildirilib ki, artıq 10 ildir ki, keçirilən “Elektron Naxçıvan” konfransları nəinki Naxçıvan Dövlət Universitetində, ümumilikdə muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron təhsilin inkişafı sahəsində mühüm mərhələyə çevrilib. Bu da öz bəhrəsini vermiş, son illər Naxçıvan Dövlət Universitetində İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi, distant tədris şəbəkəsi və multimedia infrastrukturu qurulmuş, elektron təhsil sistemi yaradılmışdır.
Ali Məclisin Sədri “Elektron Naxçıvan-10” beynəlxalq konfransının təhsilin daha da təkmilləşdirilməsi sahəsində faydalı olacağına inamını ifadə edib, konfransın işinə uğurlar arzulayıb.
Sonra çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə ölkənin elmi potensialının böyük bir hissəsinin Azərbaycanın qədim diyarı Naxçıvanda cəmləşdiyini bildirib.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkənin sürətlə inkişaf edən bölgələrindən biri kimi Naxçıvan şəhərinin inkişafına daim xüsusi diqqət və qayğı göstərildiyini söyləyən akademik bu şəhərin həm tarixən, həm də bu gün Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olduğunu qeyd edib.
AMEA rəhbəri ölkənin elektronlaşması işlərinin sürətləndirilməsi və mövcud elmi problemlərin həlli üçün alim və mütəxəssislərin, elmi qurumların birgə əməkdaşlığının zəruriliyini vurğulayıb.
Qeyd edib ki, “Elektron Azərbaycan”ın tərkib hissəsi olan “Elektron Naxçıvan” 10 il ərzində böyük inkişaf yolu keçib, informasiya cəmiyyətinin formalaşmasında yeni mərhələ olubdur. Məhz “Elektron Naxçıvan” çərçivəsində əldə edilən nailiyyətlər hesabına blokada şəraitində yaşayan muxtar respublikanın qlobal virtual məkana çıxış imkanları daha da genişlənib.
AMEA prezidenti qeyd edib ki, Naxçıvanda İKT-nin inkişafı sürətli sosial-iqtisadi tərəqqiyə, o cümlədən təhsilin səviyyəsinin yüksəldilməsinə təkan verib. Naxçıvan Dövlət Universiteti İKT-nin yüksək səviyyədə tətbiq edildiyi nümunəvi ali məktəbə çevrilib.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantı yaradılıb. Videobağlantı zamanı çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev AzScienceNet elm kompüter şəbəkəsinin (EKŞ) Avropanın elektron elm və təhsil infrastrukturuna inteqrasiya perspektivləri və bunun Elektron Naxçıvan üçün əhəmiyyəti haqqında məlumat verib. O, elektron dövlətin seqmentlərindən biri olan elektron elm və təhsilin əsasını İKT-nin, o cümlədən şəbəkə texnologiyaları, bulud texnologiyaları, verilənlərin emalı mərkəzlərinin və distant təhsil mərkəzlərinin yaradılması təşkil etdiyini söyləyib.
Konfrans çərçivəsində baş tutan videobağlantıların AzScienceNet-in təklif etdiyi yüksək səviyyəli xidmətlər sayəsində həyata keçirildiyini önə çəkən V.Musayev AzScienceNet-in imkanlarının genişləndirilməsi, qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi məqsədilə Avropa Birliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və qabaqcıl şəbəkə texnologiyaları və xidmətlərdən ölkəmizdə fəaliyyət göstərən elmi qurumların istifadəsinə şərait yaradıldığını vurğulayıb.
AzScienceNet EKŞ-nin Pan Avropa Elm və təhsil şəbəkəsi olan GEANT-a inteqrasiya olunduğunu qeyd edən V.Musayev AzScienceNet-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın dəstəyi ilə Avropa elektron elmi mühitinə inteqrasiya üçün milli operator statusu qazandığını diqqətə çatdırıb.
“Elektron elmin dəstəklənməsi istiqamətində ən önəmli yeniliklərdən biri də Şərq Tərəfdaşlığı (ŞT) ölkələrini birləşdirən e-elm və təhsil infrastrukturunun yaradılmasıdır”, – deyə bildirən V.Musayev bu məsələnin Şərq Tərəfdaşlığı ölkələrinin 2013-cü ildə Vilnüsdə, 2015-ci ildə isə Riqada keçirilən sammitində müzakirə olunduğunu və ŞT ölkələrini Elektron elm müstəvisində birləşdirən şəbəkənin (EaP Connect) yaradılmasına qərar verildiyini söyləyib. Bildirib ki, bunun nəticəsində Şərq Tərəfdaşlığı ölkələrində yaşayan 2 milyondan artıq tələbə, tədqiqatçı və alim bu şəbəkənin xidmətlərindən yararlanacaq: “Bu layihə Avropa ilə ŞT ölkələri arasında rəqəmsal fərqin aradan qaldırılması, ŞT ölkələrinin Avropa şəbəkələrinə, o cümlədən elmi informasiya resurslarına yüksəksürətli çıxışının təmin olunması məqsədini daşıyır. Şəbəkə ŞT ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrini birləşdirərək onları Avropanın GEANT şəbəkəsinə inteqrasiya edəcəkdir”.
V.Musayev bu layihə çərçivəsində əldə olunan elmi və texnoloji yeniliklərin Elektron Naxçıvanın inkişafına, eləcə də bütün elm və təhsil ictimaiyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
AR Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında hazırda ölkəmizdə informasiya texnologiyalarına əsaslanan müasir təhsil sisteminin qurulduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara, qəbul edilən dövlət proqramlarına uyğun olaraq təhsil infrastrukturu daim təkmilləşdirilir, təhsil müəssisələrində ən mütərəqqi tədris metodlarından istifadə olunur. Elektron dərsliklərin hazırlanması, ümumtəhsil məktəblərinin kompüterləşməsi, rəqəmsal tədris infrastrukturunun formalaşdırılması gənc nəslin hərtərəfli böyüməsinə imkan verir. Muxtar respublikada da bu sahədə kompleks tədbirlər görülür, müasir təhsil infrastrukturu yaradılır.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, muxtar respublikada İKT əsasında təhsilin keyfiyyətinin yüksəldilməsi və elektron universitet quruculuğu prioritet istiqamətə çevrilib. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi, xüsusilə təhsil müəssisələrinin kompüterləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsi bunu bir daha təsdiq edir.
AMEA-nın vitse-prezidenti “Elektron Naxçıvan-10” beynəlxalq konfransını Naxçıvan Muxtar Respublikasında, ümumilikdə ölkəmizdə ali təhsil sisteminin informasiyalaşdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, bu mənada “Elektron Naxçıvan” konfransları informasiya-kommunikasiya texnologiyalarının inkişafının Naxçıvan modeli kimi qəbul olunur. Bu layihənin həyata keçirilməsi Naxçıvan Dövlət Universitetinin beynəlxalq təhsil layihələrində iştirakına təkan verib, vətənpərvər, yüksək intellektli və dövlətçiliyə sədaqətli gənc nəslin yetişməsinə səbəb olub.
Beynəlxalq konfransda AR Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək ölkəmizdə İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan bu gün informasiya texnologiyalarının inkişafı sahəsində böyük nailiyyətlər qazanıb. Muxtar respublikada informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər ölkəmizdə bu sahənin inkişafına təkan verir. “Elektron Naxçıvan-10” beynəlxalq konfransının keçirilməsi muxtar respublikada İKT-nin inkişafının bir göstəricisidir.
Konfrans çərçivəsində, həmçinin AMEA Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti, Türkiyənin Ərzurum Atatürk Universiteti, Estoniyanın Tallin, İngiltərənin Vorvik universitetləri ilə videobağlantılar yaradılıb, Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti korpusunda aparılan cərrahi əməliyyat, eləcə də elektron imtahan prosesi birbaşa izlənilib.
Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.