Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədri, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş 2 dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının işi ilə şura üzvlərini tanış etdi.
Sonra Lyudmila Suxostat “Şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, dissertasiya işinin məqsədi şəxsin səsə görə biometrik identifikasiyası sistemlərinin sintezi üçün kanal dəyişiklikləri və təhriflərinə davamlı, yüksək tanınma göstəricilərinə malik metod və alqoritmlərin işlənməsidir.
Tədqiqat işində şəxsin səsə görə tanınması problemlərinin müasir vəziyyətinin araşdırıldığını söyləyən L.Suxostat şəxsin səsə görə biometrik identifikasiyasının mövcud metod və alqoritmlərinin tədqiq edildiyini, şəxsin səsə görə tanınması üçün nitq siqnallarının əlamətlərinin çıxarılması metodlarının işlənildiyini qeyd etdi.
İşin elmi-praktiki əhəmiyyətindən söz açan məruzəçi şəxsin biometrik tanınması sistemlərinin sintezi üçün işlənilmiş metod və alqoritmlərin bir çox sahələrdə tətbiq olunduğunu və bu sistemin prototipinin yaradıldığını dilə gətirdi.
L.Suxostat dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq nitq siqnallarının spektral əlamətlərinin çıxarılması üçün empirik veyvlet çevirməsi ilə əlamətlərin çıxarılması alqoritminin işlənildiyini, səsin əsas tonunun periodunu hesablamaq üçün metodun təklif olunduğunu söylədi.
Sonra iddiaçı alim və mütəxəssislərin suallarını cavablandırdı.
Dissertasiya işinin elmi rəhbəri Yadigar İmamverdiyev çıxış edərək informasiya təhlükəsizliyinin təminatının müasir informasiya cəmiyyətində ən mürəkkəb və aktual məsələlərdən olduğunu və dissertasiya işinin bu məqsədlə aparıldığını bildirdi.
R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Famil Məmmədov və texnika üzrə fəlsəfə doktoru, dosent Nizami Cəfərov çıxış edərək əldə olunmuş nəticələrin elmi yenilik olduğunu vurğulayaraq tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını bildirdilər.
Müzakirələrdə iştirak edən texnika üzrə elmlər doktorları, professorlar Məhəmməd Əhmədov, Vidadi Musayev, Cavanşir Məmmədov, texnika üzrə elmlər doktorları Nadir Ağayev, Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev və digərləri dissertasiya işinin aktuallığını önə çəkərək alınmış elmi nəticələri yüksək qiymətləndirdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və L.Suxostata texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.