17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

15 May 2015 - 09:15 | Mühüm hadisələr
17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

1865-ci ilin may ayının 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulmuş və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılmışdır. Təşkilatın yaranma tarixi 2006-cı ildə BMT tərəfindən Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edilmişdir.

Bu il Azərbaycanın Qızıl Tərəfdaşı olduğu BTİ fəaliyyət göstərdiyi illər ərzində bütün dünyada insanlar, cəmiyyətlər, dövlətlər və bütövlükdə bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşmasına və inkişafına  xidmət etmişdir.

Bu günün qeyd olunmasının əsas məqsədi internet və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməkdən ibarətdir.

Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlər təşkil olunur və BTİ tərəfindən elan edilən müəyyən mövzu ətrafında geniş fikir mübadiləsi aparılır. Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu “Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri” müəyyən olunub.

Xatırladaq ki, bu il BTİ-nin yaradılmasının 150 illiyi qeyd olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.