İnformasiya təhlükəsizliyinin multidissiplinar problemlərinə həsr olunmuş konfrans başa çatdı

14 May 2015 - 18:30 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi.

Konfransın seksiya iclaslarının sədrləri - AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirdilər, konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması və informasiya təhlükəsizliyinin elmi-praktiki problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər. 

Sonra akademik Rasim Əliquliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində baş verən “texnoloji inqilab”ın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu, dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin yüksəldilməsinin daim diqqətdə saxlanıldığını bildirdi.

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” və ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın bütövlükdə cəmiyyətdə İKT-dən istifadə səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, respublikada informasiya cəmiyyətinə keçidin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəmin yaratdığını diqqətə çatdırdı. Milli Strategiyada informasiya təhlükəsizliyinin təmin olunması məsələlərinə xüsusi önəm verildiyini qeyd edərək informasiya təhlükəsizliyi üzrə bir mütəxəssislər sosiumunun əsasını qoymuş konfransın bu problemlərin həlli baxımından aparılan işlərə dəstək verəcəyinə əminliyini ifadə etdi. 

Alimin sözlərinə görə, ölkəmizdə uğurla həyata keçirilən informasiya cəmiyyəti quruculuğu siyasəti nəticəsində hazırda cəmiyyətin müxtəlif sferalarında, o cümlədən iqtisadiyyat, sənaye, ekologiya sahələrində İKT geniş tətbiq olunur. Bu baxımdan informasiya təhlükəsizliyi məsələsinin böyük önəm kəsb etdiyini qeyd edərək cəmiyyətin bütün sahələrinin, eləcə də insanların İKT-dən asılılığının güclənməsi ilə informasiya təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini önə çəkdi.

“İKT-dən bəhrələnməklə yanaşı, mövcud təhlükələrə qarşı mübarizə tədbirləri də həyata keçirilməlidir”, - deyə bildirən alim informasiya təhlükəsizliyinin bir çox elmi istiqamətlərinin bugünkü konfransda öz əksini tapdığını qeyd etdi, Konfransın informasiya təhlükəsizliyi problemlərini aşkarlamaq, insanlara təhlükələrin mahiyyətini anlatmaq və onlarda informasiya təhlükəsizliyi mədəniyyətini formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin bu sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyini önə çəkdi. Akademik, həmçinin informasiya təhlükəsizliyinin multidissiplinar problemləri ilə məşğul olan yüksəkixtisaslı kadrların yetişdirilməsinin həlli vacib məsələlərdən olduğunu dilə gətirdi.

Konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 74 elmi məruzə təqdim olunduğunu söyləyən R.Əliquliyev “İnformasiya təhlükəsizliyinin humanitar problemləri”, “E-dövlətin informasiya təhlükəsizliyi”, “İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları” istiqamətləri üzrə aparılan elmi-tədqiqatlarda mühüm innovativ nəticələrin əldə olunduğunu bildirdi.

Alim konfransda mükafatlar təqdim olunan “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”nın qaliblərinin ölkəmizin “Qızıl fondu” olduğunu vurğuladı: “Olimpiadada yüksək nəticə göstərmiş tələbələrin əldə edəcəyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsinə şərait yaradacaq”.

Sonda R.Əliquliyev konfransın işində fəal iştirak edən şəxslərə təşəkkürünü bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.