“Microsoft” korporasiyası tərəfindən keçirilən sorğuya əsasən, həm fərdi, həm də biznes istifadəçiləri arasında rəyi soruşulanların 70%-dən çoxu iş üçün planşet kompüterin seçilməsində ofis proqramlarının olmasını mühüm amil hesab edir.
1000 potensial planşet alıcısının təxminən 75%-i ofis proqramlarını iş üçün planşetin vacib funksiyası adlandırıb. Qeyd edək ki, “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet istifadəçiləri “Microsoft Office” paketini ödənişli əsasda quraşdıra bilirlər.
digit.ru saytının məlumatına görə, “Apple” şirkəti “Microsoft” korporasiyası ilə rəqabəti gücləndirərək “iWork” ofis proqramını yeni “iPhone”, “iPad” və “Mac” alıcıları üçün pulsuz edib. Öz növbəsində “Google” şirkətinin “Android” əməliyyat sistemi üçün ofis proqramları “bulud” texnologiyalı olsa da, istifadəçi sənədlərlə işləmək üçün kənar istehsalçıların oflayn proqram təminatını yükləyə bilər.
46% potensial alıcı və biznes sahəsinin 68%-i respondenti periferiyalı qurğuların qoşulması imkanını vacib hesab edir. Sorğu iştirakçılarının təxminən yarısı qurğuların sinxronlaşdırılması (fərdi kompüter, smartfon və planşetlər), 40%-i bir neçə qeydiyyat kitabçasının yaradılması imkanına tələbatın olmasını qeyd edib.
Bundan başqa, biznes istifadəçiləri vurğulayıblar ki, qurğular korporativ şəbəkəyə inteqrasiya imkanına malik olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, respondentlərin məhdud sayda faktlardan seçim imkanı olsa da, onlar erqonomika və dizayn kimi amilləri seçməkdən məhrum olub.