Beyin biometrik parol kimi istifadə olunacaq

15 Aprel 2015 - 16:34 | Maraqlı məlumatlar
Beyin biometrik parol kimi istifadə olunacaq

Cənubi Koreyanın internet və təhlükəsizlik məsələləri ilə məşğul olan “KISA” agentliyi yeni nəsil biometrik texnologiya hazırlandığını açıqlayıb.

Layihə gələcəkdə beyin və ürəkdən internetdə müxtəlif hesablara daxil olmaq üçün parol kimi istifadəyə imkan verəcək.

Biosiqnallar - məsələn, kardioqram və elektroensefaloqram barmaq izləri, qüzehli qişa və üzün skan edilməsindən sonra növbəti autentifikasiya səviyyəsidir. Yeni texnologiyalar artıq sertifikatlaşdırılıb və 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.

Bildirilir ki, “KISA” biometrik texnologiyaların tətbiqi üzrə elmi-tədqiqat komitəsi təsis edib. Bu sahədə çalışan ekspertlər Cənubi Koreyanın tibb universitetləri nəzdində fəaliyyət göstərən aparıcı klinikalarda tədqiqatlarla məşğul olurlar. Layihənin həyata keçirilməsində həmçinin gələcəkdə biosiqnalları öz məhsullarına tətbiq etmək istəyən biznes nümayəndələri, eləcə də telekommunikasiya sahəsnin mütəxəssisləri iştirak edir.

Tədqiqatlar Asiya Biometriya Konsorsiumu ilə birlikdə aparılacaq. Bu, diqqəti fərdi biometrik göstəricilərin təhlilinə, mobil telefonlardan biosiqnalların oxunması üçün sensorların standartlaşdırılmasına və təhlükəsizliyə yönəltməyə imkan verəcək.

Texnologiya daşınan qurğular vasitəsilə biosiqnalların ölçülməsini və məlumatların smartfonlara ötürülməsini nəzərdə tutur.

ictnews.az