AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun kiçik elmi işçisi Səadət Ağayeva “Media monitorinq: predmeti, problemləri və perspektivləri” mövzusunda məruzəni təqdim edərək media monitorinqin tarixi, müasir problemləri, media monitorinqlə məşğul olan institut və təşkilatlar, Azərbaycanda İnternet-medianın monitorinqinə dair mövcud vəziyyət haqqında ətraflı məlumat verdi.
Məruzəçi dünyada xəbər monitorinqi üzrə ixtisaslaşmış şirkətlərin fəaliyyət istiqamətlərindən danışdı. Onun sözlərinə görə, çap mediası ilə yanaşı, İnternet-media sahəsində də monitorinq xidmətləri təqdim edən ABŞ-ın “Cyberalert” şirkəti hər gün 75 dildə, 189 ölkədə 50 mindən çox onlayn xəbər mənbəyini, sosial mediada isə 50 milyondan çox bloqu izləyərək monitorinqini aparır.
S.Ağayeva qeyd etdi ki, İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər Azərbaycanda da İnternet-medianın yaranması, inkişafı və araşdırılmasına təkan vermiş, onun monitorinqinin aparılması zəruriliyini yaratmışdır. O, ölkəmizdə “Media Təqib Mərkəzi”, “Kalibri media”, “Media Consulting and Services” və s. kimi şirkətlərin İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi ilə məşğul olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkənin ən aparıcı müəssisələri, o cümlədən media qurumları bu şirkətlərin xidmətlərindən mütəmadi olaraq istifadə edir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.