Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçiriblər. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, şuranın üzvü Könül Daşdəmirova da iştirak edib.
Tədbir çərçivəsində, öncə gənc alimlər ərazidəki kütləvi məzarlıq və “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət edib, kompleksin xatirə kitabına ürək sözlərini yazıblar. Həmçinin Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsinə gül qoyulub.
Sonra Heydər Əliyev Mərkəzində soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov bildirib ki, XX əsrin ən faciəli soyqırımlarından biri kimi tariximizə həkk olunmuş “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”miqyası və coğrafiyasına görə bu faciələrin içində ən amansızıdır.
Tədbirdə Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəşxəndə Bayramova, AMEA Tarix İnstitutunun elmi isçisi Rəisə Cəfərova, Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının direktor müavini Aysel Şeydayeva və Quba şəhəri 7 saylı orta məktəbin müəllimi Anar Murtuzov və digərləri soyqırımla bağlı müxtəlif mövzulara dair çıxış ediblər.