Böyük Britaniyada qrafen lampalar istehsal olunur

31 Mart 2015 - 09:23 | Texnoloji yeniliklər
Böyük Britaniyada qrafen lampalar istehsal olunur

Müasir dövrdə hər bir sferada olduğu kimi, işıqlandırma sahəsində də innovativ inkişaf sayəsində yeni texnologiyalar tətbiq edilməkdədir. Bu texnologiyaların yaradılmasında başlıca məqsəd enerji sərfiyyatına qənaət etməkdir. Son illər dünyada küçə, park, idarə və təşkilat, yaşayış və ətraf ərazilərdə elektrik enerjisinə qənaət edən effektiv və ekoloji cəhətdən təhlükəsiz işıqlandırma vasitələrinə üstünlük verilir. Közərmə, civə əsaslı lüminessent lampaları və digər süni işıq mənbələrindən istifadəyə isə qadağa qoyulur.

Böyük Britaniyada isə qrafen əsasında işləyən lampaların kütləvi istehsalına başlanılıb. Məqsəd eynidir - enerji sərfiyyatına qənaət etmək. “Graphene Lighting” şirkəti və Mançester Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan lampaların əsasını qrafendən olan işıq diodları təşkil edir. İstehsalçıların sözlərinə görə, yeni lampalar enerji sərfiyyatına güclü qənaətetmə xüsusiyyətinə malikdir ki, bu da insanlara elektrik enerjisinə qənaət etməyə imkan verəcək. 

vladtime.ru saytının məlumatına görə, qrafen əsaslı lampaların satışına artıq cari ilin yay aylarında start veriləcəyi gözlənilir. Mütəxəssislərin bildirdiklərinə görə, lampaların 5 il istifadə müddəti vardır. Lampa sındıqda isə istehsalçılar bütün müştərilərə ödənilən məbləğin tam qaytarılacağını vəd edirlər.

Qrafen lampalarının qiyməti 18 dollaradır.