Alimlərin hazırladığı yeni maddənin köməyilə ən xırda xərçəng toxumalarını belə aşkar etmək mümkündür
Tokio Universitetindən olan tədqiqat qrupu cərrahiyyə əməliyyatı zamanı şübhəli nayihələrə yayılan fluoressensiya (işıqlanma təsiri altında bəzi cisimlərin işıqvermə xassəsi) reaktivini (başqa bir maddə ilə qarışdırıldıqda, müəyyən kimyəvi reaksiya əmələ gətirməklə, axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddə) hazırlayıb. Bu maddə xərçəng toxumalarını işıq saçmağa məcbur edir ki, bu da şişi sağlam toxumalardan ayırmağa imkan verir.
Elmi qrupun rəhbəri Yasuteru Uranonun sözlərinə görə, reaktivin özü rəngsiz, şəffafdır və lüminessent deyil. “Reaktiv xərçəng hüceyrələrində olan β-qalaktozidaza ilə reaksiyaya girdikdə isə struktur dəyişiklikləri baş verir ki, nəticədə güclü fluoressent işıq buraxır”. Alimin bildirdiyinə görə, β-qalaktozidaza üçün işlənmiş mövcud fluoressent reagentlər zəif təsirinə görə xərçəng hüceyrələrinin aşkar edilməsi üçün artıq effektiv deyil.
Yeni preparat β-qalaktozidaza ilə reaksiyaya girdikdə 1000 dəfə daha parlaq işıq buraxır ki, bu da xərçəng hüceyrələrində β-qalaktozidazanın aktivliyini aşkar etməyə imkan verir. Preparat siçanlar üzərində sınaqdan keçirilib. nauka24news.ru saytının məlumatına görə, sınaq zamanı siçanın qarın boşluğuna yumurtalığın xərçəng hüceyrələrinin müxtəlif növləri transplantasiya edilib. Hüceyrələrin buraxdığı fluoressent işıq çox parlaq olub və hətta adi gözlə də görünüb. Reagent daxil edildikdən sonra alimlər ən xırda xərçəng toxumalarını belə (1 mm-dən də kiçik) aşkar edə biliblər.