1979-cu il martın 8-də “Philips” şirkəti “IEEE” təşkilatında (The Institute of Electrical and Electronics Engineers - Elektrotexnika və Elektronika üzrə Mühəndislik İnstitutu) ilk yığcam disk prototipini nümayiş etdirib. Şirkət bu diskin hazırlanmasında lazer texnologiyasından istifadə etmişdi. Belə ki, informasiya lazer vasitəsilə oxunurdu.
Bir neçə gün sonra informasiyanın saxlanılması üçün yeni və daha etibarlı üsul üzərində iş aparan “Sony” şirkəti də yığcam disk hazırladığını bəyan edib.
İlk təqdim edilmiş yığcam disk prototipləri mükəmməllikdən uzaq olduğuna görə, Sony və Philips şirkətləri səylərini birləşdiriblər. Hər iki şirkətin birgə hazırladığı yığcam diskin diametri 12 santimetr olub və diskə 650 meqabayt tutumunda informasiya yazmaq mümkün idi.
“ictnews” elektron xəbər xidmətinin bildirdiyinə görə, şirkətlər daşıyıcını 1983-cü ilin martında təqdim ediblər. “CD” pleyerlərin qiyməti baha olduğundan ilk vaxtlar disklərin satış həcmi aşağı olub. Bununla belə, 1988-ci ilədək dünyada 400 milyondan çox yığcam disk satılıb.
“IEEE”-nin məlumatına əsasən, “CD” ilk kütləvi rəqəmsal məhsul olub. 2000-ci illərin əvvəllərindən İnternetin inkişafı və “mp3” adlanan rəqəmsal formatın yaradılması nəticəsində bu tip daşıyıcıların populyarlığı azalmağa başlayıb.