AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tamilla Bayramova “1203.01 – Kompüter elmləri” iхtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. T.Bayramovaya fəlsəfə doktoru diplomu AAK-ın sədri, professor Famil Mustafayev tərəfindən 30 sentyabr 2026-cı il tarixində Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.
Tamilla Bayramovanın “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi və dayanıqlılığının artırılması istiqamətində sistemli və ardıcıl elmi-tədqiqat işləri aparılmışdır. Uzun illər ərzində həyata keçirilən tədqiqatların nəticəsi olan dissertasiya işində Azərbaycanda proqram mühəndisliyinin formalaşması və inkişafı istiqamətində mühüm nəticələr əldə edilmişdir.
Qeyd edək ki, Tamilla Bayramova 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) “Avtomatika və hesablama texnikaları” fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1988-cü ildən 2019-cu ilə qədər mühəndis, elmi işçi, sektor müdiri vəzifələrində çalışmışdır. AMEA-nın www.science.az portalının yaradılması və istismarında iştirak etmişdir.
O, 3 kitab və 45-ə yaxın elmi əsərin müəllifidir. Onlardan 5-i Web of Science, Scopus olmaqla, 20-yə yaxını nüfuzlu elmi jurnallarda nəşr olunmuşdur. Tədqiqatçı bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi təmsil etmişdir.
Hazırda Tamilla Bayramova proqram mühəndisliyinin elmi-nəzəri problemləri üzrə tədqiqatlarını davam etdirir.
İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından Tamilla Bayramovanı elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə təbrik edir, ona möhkəm cansağlığı və gələcək elmi axtarışlarında uğurlar arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.