İnstitut əməkdaşlarının məqaləsi “Springer” nəşriyyatına daxil olan nüfuzlu jurnalda çap olunub

11 Sentyabr 2026 - 10:13 | Konfranslar, İclaslar
İnstitut əməkdaşlarının məqaləsi “Springer” nəşriyyatına daxil olan nüfuzlu jurnalda çap olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun doktorantı Məmməd Həmidovun həmmüəllifi olduqları məqalə nüfuzlu “Springer” bazasında indeksləşən “Journal of Electrical Systems and Information Technology” jurnalında dərc olunub.

“Şəhər nəqliyyat sistemlərində gecikmənin azaldılması üçün Edge Computing əsaslı riyazi model” (Edge computing-based mathematical model for latency reduction in urban transportation system) adlı məqalədə kiberfiziki nəqliyyat sistemlərində şəbəkə gecikməsini azaltmaq üçün Edge Computing (kənar emal) əsaslı yanaşma təklif olunur. Modelə əsasən, yol kəsişmələrindən toplanan məlumatlar birbaşa uzaq bulud serverlərinə göndərilmək əvəzinə, kəsişmələrə yaxın yerləşən edge düyünlərində ilkin emal olunur. Bu yanaşma ötürülən məlumatların həcmini azaldır, şəbəkə yükünü aşağı salır və nəqliyyatın idarə olunması ilə bağlı qərarların daha sürətli qəbul edilməsinə imkan yaradır. Nəticələr göstərir ki, Edge Computing texnologiyasının nəqliyyat sistemlərinə tətbiqi xüsusilə səhər pik saatlarında məlumatların daha sürətli emalına, şəbəkə yükünün azalmasına və şəhər nəqliyyatının daha stabil, çevik və səmərəli idarə olunmasına imkan verir.

Qeyd edək ki, “Journal of Electrical Systems and Information Technology” jurnalı Chinese Academy of Medical Science (CAMS), DOAJ, EBSCO, INSPEC və digər bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.