Müasir dövrdə kiberfiziki sistemlər sənaye, energetika, səhiyyə və digər kritik sahələrin əsas texnoloji platformalarından birinə çevrilib. Sensorlar və idarəetmə qurğuları tərəfindən fasiləsiz generasiya olunan böyükhəcmli verilənlərin əhəmiyyətli hissəsi bulud mühitində saxlanılır və emal edilir. Verilənlərin həcminin sürətlə artması bulud resurslarında onların səmərəli emalı üçün yeni yanaşmaların işlənilməsini zəruri edir.
Bu fikirləri ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında doktorant Məmməd Həmidov səsləndirib.
O, “Kiberfiziki sistemlərdə generasiya olunan verilənlərin bulud mühitində səmərəli emalı: mövcud yanaşmalar, problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək kiberfiziki sistemlərdə yaranan böyükhəcmli verilənlərin bulud mühitində səmərəli emalı, saxlanılması və təhlükəsiz idarə olunmasının müasir informasiya texnologiyalarının ən aktual tədqiqat istiqamətlərindən biri olduğunu vurğulayıb. Tədqiqatçının sözlərinə görə, bu sistemlər müxtəlif sahələrdə real vaxt rejimində monitorinq, analiz və idarəetmə imkanları yaradaraq mürəkkəb proseslərin optimallaşdırılması üçün geniş imkanlar açır.
M.Həmidov qeyd edib ki, tədqiqatın məqsədi kiberfiziki sistemlərdə generasiya olunan verilənlərin bulud mühitində səmərəli emalı üzrə mövcud yanaşmaları təhlil etmək, bu sahədə mövcud problemləri müəyyənləşdirmək və inkişaf perspektivlərini qiymətləndirməkdən ibarətdir.
Məruzəçi kiberfiziki sistemlərdə generasiya olunan verilənlərin emalı üçün tətbiq olunan əsas texnologiyalar və metodlar haqqında məlumat verib, bu proses zamanı qarşıya çıxan əsas problemləri diqqətə çatdırıb. O, kiberfiziki sistemlərin iyerarxik, beşsəviyyəli, paylanmış, xidmətyönümlü və bulud əsaslı arxitekturaları barədə ətraflı məlumat verərək onların müqayisəli təhlilini təqdim edib.
“Tədqiqat çərçivəsində təklif olunan bulud əsaslı yanaşma nəqliyyat sistemlərində generasiya olunan böyük həcmli verilənlərin mərkəzləşdirilmiş, miqyaslana bilən və səmərəli şəkildə emalına imkan yaradır”, - deyə M.Həmidov vurğulayıb. Tədqiqatçı, həmçinin bu istiqamətdə müxtəlif ölkələrin təcrübəsindən, mövzu üzrə keçirilmiş beynəlxalq elmi konfranslardan bəhs edib.
Sonda məruzəçi perspektiv inkişaf istiqamətlərinə də toxunaraq bu sahədə gələcəkdə süni intellekt və maşın öyrənməsi texnologiyaları, Edge, Fog və bulud texnologiyalarının inteqrasiyası, federativ təlim yanaşmalarının inkişafı, 5G/6G şəbəkələri əsasında real vaxt rejimində emal imkanlarının təkmilləşdirilməsi, eləcə də intellektual resurs idarəetmə sistemlərinin daha geniş tətbiqinin nəzərdə tutulduğunu vurğulayıb.
Məruzə ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarda çıxış edən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirib ki, kiberfiziki sistemlər böyük həcmli verilənlərin uzunmüddətli saxlanılması və emalı üçün məhdud imkanlara malik olduğundan, bu sistemlərdə generasiya olunan kritik verilənlərin saxlanılması, emalı, mühafizəsi, əlyetərliliyinin təmin edilməsi və səmərəli idarə olunması məqsədilə bulud texnologiyalarından istifadəyə ehtiyac yaranır.
Akademik Rasim Əliquliyev bulud sistemlərinin elmi və praktik aspektlərinin geniş şəkildə tədqiqinin vacibliyini vurğulayaraq qeyd edib ki, böyük verilənlərin effektiv emalı idarəetmənin keyfiyyətinin yüksəldilməsinə, sistemlərdə zəif tərəflərin vaxtında aşkarlanmasına və daha əsaslandırılmış qərarların qəbuluna mühüm dəstək verir. Alim həmçinin kiberfiziki sistemlərdə generasiya olunan verilənlərin bulud mühitində emalının kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırdığını diqqətə çatdırıb.