İnstitutun əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış ediblər

02 Avqust 2026 - 14:36 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun doktorantı Məmməd Həmidovun həmmüəllifi olduqları məqalə 28-30 iyul 2026-cı il tarixlərində Hindistanda IEEE təşkilatının dəstəyi ilə keçirilən “Ağıllı Sistemlər və İnnovativ Texnologiyalar üzrə 7-ci Beynəlxalq Konfrans”da (ICSSIT 2026) təqdim olunub.

“Bulud əsaslı ağıllı nəqliyyat sistemlərinin şəbəkə səviyyəsində kibertəhlükəsizlik risklərinin aşkarlanması modeli” adlı məruzədə ağıllı nəqliyyat sistemlərində bulud hesablama mühitinin yaratdığı kibertəhlükəsizlik riskləri təhlil olunub və onların aradan qaldırılması üçün konseptual model təklif edilib. Tədqiqat çərçivəsində şəbəkə trafikində anomaliyaların real vaxt rejimində aşkarlanmasına imkan verən Adaptiv Sentroid Radius Modeli (ASRM) hazırlanaraq verilənlər bazasında müasir anomaliya aşkarlama metodları ilə müqayisə edilib. Eksperimentlərin nəticələri ASRM-in ən yüksək dəqiqlik göstəricisi nümayiş etdirdiyini və məhdud resurslara malik terminal qurğularda tətbiq üçün səmərəli yanaşma olduğunu göstərib.

Dosent Rəşid Ələkbərov və doktorant Məmməd Həmidov konfransda fəal iştiraklarına görə sertifikatla təltif ediliblər.