İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur

30 İyul 2026 - 17:10 | Konfranslar, İclaslar
İnformasiya Texnologiyaları İnstitutunun sosial media platformalarında fəaliyyəti yenidən qurulur

Müasir dövrdə elmi biliklərin, xüsusilə rəqəmsal texnologiyalar və süni intellekt sahəsin əldə olunan nailiyyətlərin geniş ictimaiyyət arasında yayılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə ölkəmizdə həyata keçirilən rəqəmsal siyasətin əsas istiqamətlərindən biri də məhz İKT biliklərinin təbliği və populyarlaşdırılması, qabaqcıl texnologiyaların, bilik və təcrübənin Azərbaycana transferi və cəmiyyətin rəqəmsal savadlılığının yüksəldilməsinə töhfə verilməsidir. ETN İnformasiya Texnologiyaları İnstitutu da müasir çağırışları və yeni reallıqları nəzərə alaraq qeyd olunan istiqamətlərdə fəaliyyətin gücləndirilməsi ilə bağlı ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirir.  

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə bu qurumun sosial media ilə bağlı fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunub. Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki, Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində qarşıya qoyulan mühüm vəzifələrdən biri də rəqəmsal sahədə maarifləndirmənin gücləndirilməsi, insanlara zəruri rəqəmsal bilik və bacarıqların aşılanmasıdır.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, bu tələblərdən irəli gələn vəzifələri nəzərə almaqla, İnformasiya Texnologiyaları İnstitutu da fəaliyyətini müasir çağırışlara uyğun olaraq yenidən qurur, qabaqcıl sosial media platformalarının geniş imkanlarından istifadəyə xüsusi diqqət yetirir: “Rəqəmsal və süni intellekt texnologiyaları ilə bağlı əldə olunan yeni elmi biliklərin daha geniş ictimaiyyətə elmi-populyar üslubda çatdırılması vacib məsələlərdəndir. Bu məqsədlə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışların edilməsi, sosial şəbəkə və video resurslarının imkanlarından geniş istifadə olunması böyük əhəmiyyət kəsb edir”.

Sonra Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov İnstitutun müxtəlif sosial media platformalarında fəaliyyəti, görülən işlər, problemlər və qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edib. O, İnstitutun elmi fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması məqsədilə sosial media fəaliyyətinin vahid və məqsədyönlü idarəetmə modeli əsasında təşkili, müxtəlif platformalar üçün uyğun məzmun strategiyasının formalaşdırılması və digər məsələlərə dair həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Qeyd olunub ki, elmi bilik və nəticələrin yalnız akademik mühitdə deyil, həm də cəmiyyət üçün əlçatan formada təqdim olunması, təhsil prosesinə inteqrasiya edilməsi, eləcə də ölkəmizdə həyata keçirilən dövlət siyasətinə dəstək göstərilməsi elmi müəssisələrin, alim və mütəxəssislərin qarşısında duran əsas vəzifələrdəndir. Məhz bu reallıqlar İnformasiya Texnologiyaları İnstitutunun sosial media fəaliyyətinin təkmilləşdirilməsi, daha da inkişaf etdirilməsi və elmi biliklərin cəmiyyətə operativ şəkildə ötürülməsini zəruri edir.