ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev Bakı-Xəbər TV-də yayımlanan verilişin qonağı olub.
“Uşaq və gənclərin İnternetdən düzgün istifadəsinin formalaşmasında informasiya cəmiyyətinin rolu” mövzusuna həsr olunan verilişdə Babək Nəbiyev ölkədə uşaq və gənclərin İnternetdən təhlükəsiz və səmərəli istifadəsi sahəsində mövcud vəziyyət, tətbiq olunan tənzimləmə mexanizmləri, həyata keçirilən maarifləndirmə tədbirləri, eləcə də bu istiqamətdə mövcud problemlər barədə ətraflı məlumat verib. O, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması və İnternetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması üçün kompleks yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb.
Babək Nəbiyev, həmçinin rəqəmsal platformalarda etik davranış mədəniyyətinin təşviqi istiqamətində görülən işlərdən bəhs edərək rəqəmsal vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasının, kiberzorakılığa qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Verilişdə, eyni zamanda, Azərbaycan dilində keyfiyyətli, etibarlı və maarifləndirici rəqəmsal məzmunun, veb-resursların artırılması istiqamətində həyata keçirilməsi zəruri olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.