ETN İnformasiya Texnologiyaları İnstitutunda elmi kadr hazırlığının vəziyyəti müzakirə olunub

16 İyul 2026 - 09:24 | Konfranslar, İclaslar
ETN İnformasiya Texnologiyaları İnstitutunda elmi kadr hazırlığının vəziyyəti müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında cari ildə institutun doktoranturasına qəbul prosesi və bu istiqamətdə görülən işlər müzakirə olunub. İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək bildirib ki, 2026-cı il üzrə institutun doktoranturasına “Kompüter elmləri”, “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” və “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə ayrılmış 11 yer üçün ümumilikdə 20 namizədin müraciəti qeydə alınıb.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, son zamanlar həyata keçirilən dövlət siyasəti ölkəmizdə rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi ilə yanaşı, bu sahə üçün yüksəkixtisaslı kadr hazırlığının strateji əhəmiyyətini bir daha ön plana çıxarmışdır.

Akademik Rasim Əliquliyevin sözlərinə görə, ölkəmizdə rəqəmsal texnologiyaların geniş tətbiqi güclü elmi potensiala, müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasını zəruri edir: “Bu baxımdan doktorantura təhsil pilləsinin ali məktəblərlə yanaşı, elmi müəssisələrdə, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda təşkili gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və onların innovativ tədqiqatlar aparması üçün geniş imkanlar açır. Məhz bunun nəticəsidir ki, son illər doktoranturaya müraciət edən gənclərin sayı davamlı olaraq artmaqdadır”.

AMEA-nın vitse-prezidenti institutda doktorantlarla fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyəli araşdırmalar həyata keçirmələri üçün zəruri elmi mühit və infrastrukturun formalaşdırıldığını diqqətə çatdırıb. Alim həmçinin institutun elmi dərəcəsi olan əməkdaşlarının doktorantların hazırlanması işlərinə daha fəal cəlb edilməsinin, eləcə də müasir çağırışlara cavab verən aktual problemlər çərçivəsində dissertasiya mövzularının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən institutun nəzdində Dissertasiya Şurasının təşkili süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar sahəsində yüksəkixtisaslı elmi kadrların hazırlanmasına böyük dəstək verəcəkdir.