ETN İnformasiya Texnologiyaları İnstitutu elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu fəaliyyət elm, təhsil və innovasiyanın inteqrasiyası, elmi müəssisələrdə əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadr hazırlığı və s. baxımından böyük əhəmiyyət kəsb edir. İnstitutun əməkdaşları mütəmadi olaraq ali təhsil müəssisələrində keçirilən akademik tədbirlərdə fəal iştirak edir, imtahan komissiyalarında təmsil olunmaqla bu prosesə töhfə verirlər.
Bu istiqamətdə həyata keçirilən işlərin davamı olaraq, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Azərbaycan Texniki Universitetinin 2025-2026-cı tədris ilində müvafiq ixtisaslar üzrə təhsilini başa vuran magistrantların dissertasiya işlərinin müdafiəsi üçün yaradılmış İxtisaslaşdırılmış Şuraların iclaslarında iştirak ediblər. İclaslarda institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva şuranın sədri qismində təmsil olunublar.
Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti arasında “Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmışdır. Memorandum tərəflər arasında birgə elmi-tədqiqatların həyata keçirilməsi, magistrantlara və doktorantlara elmi rəhbərlik, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsini nəzərdə tutur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.