London Kral Kollecinin məzunu ETN İnformasiya Texnologiyaları İnstitutunun doktoranturasına qəbul olunub

10 Mart 2026 - 15:20 | Konfranslar, İclaslar
London Kral Kollecinin məzunu ETN İnformasiya Texnologiyaları İnstitutunun doktoranturasına qəbul olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Səid Məmmədov “Dezinformasiyanın dövlətin kibersuverenliyinə təsirinin analizi və qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində tədqiqatlara başlayıb. S.Məmmədovun elmi rəhbəri institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevdir. Qeyd edək ki, Səid Məmmədov London Kral Kollecində “kompüter elmləri” ixtisası üzrə bakalavr və “qabaqcıl hesablamalar” ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir.

İnstitutun elmi seminarında dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat işində qarşıya qoyulmuş məsələlər ətrafında müzakirələr aparılıb. Bu barədə çıxış edən doktorant Səid Məmmədov bildirib ki, dezinformasiyanın analizi, təsnifatı və onun dövlətin kibersuverenliyinə təsirinin ölçülməsi və qiymətləndirilməsi üçün metodların işlənməsi tədqiqat işinin əsas məqsədidir.

Mövzunun aktuallığını diqqətə çatdıran məruzəçi rəqəmsal medianın, sosial şəbəkələrin və süni intellekt texnologiyalarının sürətli inkişafının informasiya axınının nəzarətsiz artımına səbəb olduğunu, bu proseslər fonunda dezinformasiyanın dövlətin kibersuverenliyinə və kibertəhlükəsizliyinə ciddi təhdidlər yaratdığını qeyd edib: “Buna görə də dezinformasiyanın dövlətin kibersuverenliyinə təsirinin analizi və qiymətləndirilməsi hazırkı dövrdə elmi və praktiki baxımdan böyük aktuallıq kəsb edir”.

Səid Məmmədov həmçinin tədqiqat işində qarşıya qoyulmuş əsas elmi problemləri seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya mövzusunun aktual elmi problemə həsr olunduğunu, milli maraqların qorunmasına xidmət etdiyini vurğulayıb. Ölkəmizin kibertəhlükəsizliyi və kibersuverenliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən olduğunu qeyd edən akademik Rasim Əliquliyev, dissertasiya işinin dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və digər mühüm sənədlərdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.