İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

25 Fevral 2026 - 15:53 | Konfranslar, İclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə öncə 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən biri olduğunu bildirib. Bildirib ki, bu dəhşətli faciədə 613 insan vəhşicəsinə öldürülmüş, 63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil.

Həmin dövrdə mövcud olan mürəkkəb ictimai-siyasi şərait və reallıqlar haqqında məlumat verən alim faciənin əsas səbəblərinə diqqət çəkib. Bildirib ki, 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin dağılması fonunda ölkədə milli azadlıq hərəkatının güclənməsi, siyasi sabitliyin olmaması, millətlərarası münasibətlərin məqsədli şəkildə gərginləşdirilməsi Xocalı faciəsinin törədilməsinə gətirib çıxaran əsas amillərdən idi.

Akademik Rasim Əliquliyev Xocalı faciəsinin mahiyyətinin və günahkarların dünyaya tanıdılması istiqamətində səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. Bu faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə obyektiv şəkildə çatdırılmasının hər bir vətəndaşın mühüm vəzifəsi olduğunu diqqətə çatdırıb.

Alim bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. Son dövrlərdə ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, regionda və dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu vurğulayıb.

Çıxışının sonunda alim dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən Xocalı şəhidlərinə Allahdan rəhmət diləyib, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağına və xatirələrinin əziz tutulacağına inamını ifadə edib.

Sonra iclasda institutun əməkdaşları – texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, Həmkarlar Komitəsinin sədri Anar Səmidov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək bildiriblər ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşına həkk olunmuş ən dəhşətli hadisələrdən biri olmaqla yanaşı, mülki əhaliyə qarşı törədilmiş, bəşəri dəyərlərə zidd olan ağır və mənfur cinayətdir. Vurğulanıb ki, bu qətliam təkcə bir xalqa deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş və beynəlxalq hüquq normalarını kobud şəkildə pozan faciə kimi qiymətləndirilməlidir.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. Əməkdaşlar dəhşətli faciədə həyatını itirən həmvətənlərimizin xatirəsini ehtiramla yad ediblər, abidənin önünə qərənfillər düzüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.