İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib

02 Fevral 2026 - 14:30 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu əlamətdar günün əhəmiyyətinə toxunaraq, gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, gənclərə göstərilən diqqət və qayğı ölkənin gələcəyinə yönəlmiş strateji yanaşmanın əsas tərkib hissəsidir.

R.Ələkbərov Ümummilli Lider Heydər Əliyevin gənc nəslin formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edərək Ulu Öndərin gənclərin savadlı, bilikli və yüksək intellektual potensiala malik mütəxəssis kimi yetişməsinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, hələ XX əsrin 70–80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmiş, bu addım ölkə üçün peşəkar kadr potensialının formalaşmasına mühüm töhfələr vermişdir.

İcraçı direktor Ümummilli Liderin gənclərlə bağlı müəyyən etdiyi inkişaf xəttinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirildiyini di        qqətə çatdırıb. Alimin sözlərinə görə, hazırda dövlət başçısının rəhbərliyi ilə gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsil alması, onların yüksəkixtisaslı kadr kimi formalaşması, eləcə də ictimai-siyasi və dövlət quruculuğu proseslərində fəal iştirakı üçün geniş imkanlar yaradılıb.

Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edən icraçı direktor Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq nümunələrini də xüsusi vurğulayıb. Bildirib ki, gənclərimiz II Qarabağ müharibəsində böyük şücaət və qətiyyət nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad olunmasında həlledici rol oynayıblar. Məhz qəhrəman övladlarımızın fədakarlığı nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib.

Sonda Rəşid Ələkbərov institutun gənc əməkdaşlarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, onlara elmi və peşəkar fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Dilbər Əlizadə çıxış edərək bu əlamətdar günün ölkənin elmi, intellektual və innovativ potensialını formalaşdıran gənclərə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. Müasir dövrdə gənclərin inkişaf yolunun elm, texnologiya və innovasiya ilə sıx bağlı olduğunu deyən Dilbər Əlizadə bildirib ki, gənclər artıq yalnız gələcəyin deyil, bu günün də aparıcı qüvvəsinə çevriliblər.

Şura sədri gənclərin elmdə rolunun yalnız tədqiqat fəaliyyəti ilə məhdudlaşmadığını, gənc alimlərin yeni ideyalar irəli sürərək mövcud problemlərə fərqli baxış bucağından yanaşdıqlarını, müxtəlif sahələrdə elmin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb. Əlavə edib ki, bu gün Azərbaycan gənclərinin beynəlxalq elmi platformalarda uğurla təmsil olunması dövlətin gənclər siyasətinin real nəticəsidir.

Məruzəçi çıxışının sonunda Gənc Alim və Mütəxəssislər Şurasının əsas məqsədinin də gənclərin elmi fəaliyyətə cəlb olunmasını genişləndirmək, onların ideyalarının reallaşmasına dəstək vermək və elmi mühitdə əməkdaşlığı gücləndirmək olduğunu bildirib, gənc tədqiqatçıları bu əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən institutun dissertantı Leyla Məmmədova Azərbaycanın hazırda yeni elmi mərhələyə – süni intellekt dövrünə qədəm qoyduğunu bildirib, süni intellektin səhiyyə, maliyyə, təhsil, sənaye və gündəlik həyatın bir çox sahələrində mühüm rol oynadığını diqqətə çatdırıb.

Bu inqilabi mərhələnin formalaşmasında dünya miqyasında tanınan alimlərin gənclik illərində irəli sürdükləri ideyalar və apardıqları tədqiqatların həlledici rol oynadığını, Geoffrey Hinton, Yann LeCun və Fei-Fei Li kimi alimlərin gənc yaşlarında qazandığı elmi nailiyyətlərin bu gün süni intellekt texnologiyalarının əsasını təşkil etdiyini vurğulayıb. O, bu alimlərin elm yolunun Azərbaycan gəncləri üçün də nümunə ola biləcəyini qeyd edərək bildirib ki, məqsədyönlü və ardıcıl fəaliyyət göstərən gənclər qlobal elmi proseslərin fəal iştirakçısına çevrilə bilərlər.

Sonda Leyla Məmmədova Gənclər Gününün qeyd edilməsinin gəncliyin cəmiyyətin gələcəyindəki rolunu bir daha xatırlatdığını bildirib. O, gənclərin yalnız savadlı deyil, eyni zamanda milli dəyərlərə bağlı, məsuliyyətli və vətənə faydalı vətəndaşlar kimi formalaşmasının vacibliyini vurğulayaraq, güclü və davamlı inkişaf edən ölkənin məhz belə gənclər üzərində qurulduğunu qeyd edib.

Daha sonra institutun doktorantı Orxan Vəlixanlı çıxış edərək gənclərin elmi təfəkkürün formalaşmasında və elmi inkişafın davamlılığının təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, gənc alimlər mövcud elmi yanaşmalarla məhdudlaşmadan problemlərə fərqli baxış bucağından yanaşır, yaradıcı və innovativ həllər təklif edirlər.

Orxan Vəlixanlı Azərbaycanda gənc tədqiqatçıların elmə təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinə toxunaraq qeyd edib ki, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, eləcə də Gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərin elmi və intellektual fəaliyyətinin stimullaşdırılmasına xidmət edir. Bu mexanizmlər vasitəsilə istedadlı gənclərin müxtəlif layihələrdə iştirakı dəstəklənir.

Məruzəçi həmçinin İnformasiya Texnologiyaları İnstitutunda gənclərin elmə cəlb olunması və elmi fəaliyyətinin təşkili üçün yaradılmış imkanlardan da bəhs edib. Vurğulayıb ki, institutun gənc mütəxəssisləri AzScienceNet şəbəkəsinin təqdim etdiyi xidmətlərdən istifadə edərək tədqiqatlar aparır, kibertəhlükəsizlik, süni intellekt və digər innovativ istiqamətlər üzrə elmi araşdırmalarını davam etdirirlər.

Tədbirdə həmçinin institutun əməkdaşları Nərgiz QuliyevaLalə Əliyeva, eləcə də doktorantlar – Sənan VəlizadəVüsal Şahbazov çıxış edərək gənclərin elmi mühitdə fəal iştirakının əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər institutda yaradılmış innovativ və elmi mühitin gənc mütəxəssislərin potensialının üzə çıxarılmasında böyük rola malik olduğunu qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.