Çoxkriteriyalı qərar qəbuletmə əsasında intellektual potensialın qiymətləndirilməsi məsələləri müzakirə olunub

09 Yanvar 2026 - 10:21 | Konfranslar, İclaslar
Çoxkriteriyalı qərar qəbuletmə əsasında intellektual potensialın qiymətləndirilməsi məsələləri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Çoxkriteriyalı qərar qəbuletmə əsasında intellektual potensialın qiymətləndirilməsi” mövzusuna həsr olunmuş şöbə seminarı keçirilib. Məruzəni institutun böyük elmi işçisi Mərziyə İsmayılova təqdim edərək qərar qəbuletmənin bir problemi həll etmək və ya məqsədə çatmaq üçün bir neçə mövcud alternativlərdən birini seçmək prosesi olduğunu vurğulayıb. O, qeyd edib ki, qərar qəbul etmənin analizi üçün ənənəvi model qərar qəbul edənlər, müəyyən edilmiş meyarlar və alternativlərdir. Sonra alternativlərin performansı üçün qərar qəbul edənlərin qiymətləndirilməsi vasitəsilə qərar matrisi qurulur və tətbiq edilən qərar qaydalarına əsasən ən yaxşı alternativ müəyyən edilir.

M.İsmayılova bildirib ki, İyerarxik Analiz Metodu (Analytic Hierarchy Process, AHP) geniş istifadə olunan çoxkriteriyalı qərar qəbuletmə metodlarından biridir. AHP nəzəriyyəsinin 1977-ci ildə ABŞ alimi Tomas L. Saati tərəfindən irəli sürüldüyünü diqqətə çatdıran məruzəçi qeyd edib ki, bu üsul mürəkkəb qərarların bir neçə səviyyəli iyerarxik quruluş əsasında qiymətləndirilməsinə imkan verir.

O, iyerarxik quruluşun formalaşdırılması prosesini ətraflı şərh edərək bildirib ki, əsas məqsəd kimi universitetlərin intellektual potensialının qiymətləndirilməsi seçilmiş, bu məqsədi müəyyən edən elmlər doktorlarının sayı, professor-müəllim heyətinin yaş strukturu, xarici ali məktəblərdə təhsil alan doktorantların və akademik heyətin sayı, Web of Science və Scopus bazalarına daxil olan jurnallarda dərc olunan məqalələrin sayı, tədqiqatlardan əldə edilən gəlirlər kimi əsas kriteriyalar müəyyənləşdirilmişdir.

Məruzəçi həmçinin AHP-nin həyata keçirilməsi addımları (məsələnin qoyuluşu, iyerarxik strukturun qurulması, cüt-cüt müqayisə matrisinin qurulması, normallaşdırılması, prioritet vektorunun, uyğunluq nisbətinin və qərar variantlarının prioritet vektorunun hesablanması, qərar seçimlərinin sıralanması) haqqında ətraflı məlumat verib. M.İsmayılova vurğulayıb ki, AHP-nin tətbiqi təhsil müəssisələrinin intellektual potensialının obyektiv, şəffaf və çoxmeyarlı qiymətləndirilməsinə imkan yaradır.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.