Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tədqiqatlar aparılıb

09 Dekabr 2025 - 11:00 | Konfranslar, İclaslar
Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tədqiqatlar aparılıb

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemlərinin tədqiqini həyata keçirən struktur bölmənin cari il üzrə hesabatı dinlənilib.

Hesabatı təqdim edən institutun icraçı direktor, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “Mürəkkəb bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində aparılan tədqiqatların yekunlaşdığını bildirib. Qeyd edib ki, hesabat ilində şəbəkə mühitində bulud resurslarının optimal seçilməsi və intellektual idarə edilməsi, bulud əsaslı SCADA sistemlərində süni intellekt texnologiyalarının tətbiqi ilə təhlükəsizlik məsələlərinin həlli  üçün mexanizmlərin işlənməsi, tibbi şəbəkə infrastrukturunun arxitekturası ilə bağlı tədqiqatların nəticələri nüfuzlu jurnallarda çap olunub. Alim iş çərçivəsində alınan elmi-nəzəri nəticələrin institutun elmi seminarlarında müzakirə olunduğunu da diqqətə çatdırıb.

R.Ələkbərov qeyd olunan elmi problem üzrə həmçinin “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda aparılan elmi tədqiqatların yekunlaşdığını diqqətə çatdırıb. Alim iş çərçivəsində rəqəmsal dövlət mühitində verilənlərin emalı mərkəzlərinin enerji istehlakının optimal idarə olunması, o cümlədən mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi, eləcə də tibbi sağlamlıq sensorlarının bulud əsaslı platformalara inteqrasiyası və digər məsələlərin araşdırıldığını vurğulayıb.

Şöbə rəhbərinin sözlərinə görə, struktur bölmədə cari ildə Sənaye 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə tədqiqatlar aparılmışdır. Həmçinin İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri üzrə isə qrant layihələri çərçivəsində “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi”, “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual metod və alqoritmlərin işlənməsi”, eləcə də “5G və 6G infrastrukturunda optik naqilsiz kommunikasiya texnologiyaları problemləri” və digər mövzular üzrə araşdırmalar davam etdirilmiş, məqalələr çap olunmuşdur.

Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini nəzərə çatdırıb.

Sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verib.

Şöbənin hesabatına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyib. 

“AzScienceNet şəbəkəsi ölkəmizdə şəbəkə texnologiyaları sahəsində kadrların yetişdirilməsi üçün bir məktəbdir”, – deyə qeyd edən akademik Rasim Əliquliyev şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, dünyanın qabaqcıl ölkələrində tətbiq olunan kvant texnologiyaları, data və bulud suverenliyi problemləri, eləcə də bu sahədə beynəlxalq təcrübənin araşdırılması, məqalələrin hazırlanması və təlimlərin keçirilməsi AzScienceNet şəbəkəsinin əməkdaşlarının qarşısında duran mühüm vəzifələrdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.