AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında 11 saylı şöbənin müdiri Şakir Mehdiyev cari ilin yanvar ayının 6-9-da Las-Veqasda keçirilmiş “International Consumer Electronics Show - CES 2015” sərgisində böyük marağa səbəb olmuş İKT yenilikləri haqqında məruzə ilə çıxış edib.
Öncə rəqəmsal texnologiyaların inkişafında flaqman hesab olunan istehlak elektronikası sərgisi CES 2015 haqqında məlumat verən məruzəçi hər il təşkil olunan sərginin 204 min kv.m sahəni əhatə etdiyini, 3600-dən çox şirkətin burada öz məhsulları ilə təmsil olunduğunu və 170 min ziyarətçinin iştirak etdiyini vurğulayıb.
Sərgidə nümayiş olunan texnologiya yeniliklərini diqqətə çatdıran Ş.Mehdiyev “Google” şirkətinin təqdim etdiyi “Project Ara” modulyar smartfonunun sərgi iştirakçılarının diqqətini cəlb etdiyini söyləyib. Bildirib ki, bu qurğuya istənilən əlavə hissəni (fləş yaddaşdan termometrədək) bərkitmək mümkündür. Onun sözlərinə görə, “Google Project Ara” layihəsi sayəsində istifadəçilər öz yeni smartfonlarını yalnız yeniləməyəcək, həm də qurğular sındığı halda detallarını əvəzləyəcək. Dəstə əlavə elementlər – ekran, kamera, prosessor, əməli yaddaş qurğuları, saat, akkumulyator və s. daxildir. İstənilən detalı ayrı-ayrılıqda satın almaq mümkündür.
Ş.Mehdiyev “İntel” şirkətinin təqdim etdiyi 5-ci nəsil İntel Core prosessorunun əvvəlki nəsillərlə müqayisədə daha yüksək göstəricilərə (çipin sahəsi 82 kv. mm, tranzistorların sayı isə 1.3 milyard) malik olduğunu dilə gətirib. O, həmçinin yeni prosessora xas olan xüsusiyyətləri diqqətə çatdırıb. Şirkətin, eyni zamanda uçan “dron”larda istifadə olunan düymə ölçüsündə mikro kompüterlər istehsal etdiyini qeyd edib.
Bildirib ki, “LG” şirkətinin istehsal etdiyi ikinci nəsil bükük smartfon “G Flex 2” modeli optik sabitləşmə imkanına malik 13 meqapiksellik kamera, parlaq “OLED” ekran və “Qualcomm” şirkətinin yeni “Snapdragon 810” prosessoru ilə təchiz edilib. Smartfonun idarəetmə düymələri arxa paneldə yerləşdirilib.
Məruzəçi, həmçinin böyük ölçülü planşetlər, naqilsiz yaddaş qurğusu olan mikro kartlar, USB 3.1 type-c standartı, “ağıllı” qıfıl və s. haqqında da ətraflı məlumat verib.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.