ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti şöbə seminarında “Bulud əsaslı intellektual elektron kitabxananın konseptual modeli: formalaşması və inkişafı xüsusiyyətləri” mövzusunda müzakirələr aparılıb.
Məruzəyə dair institutun əməkdaşı Dilbər Əlizadə çıxış edərək qeyd edib ki, ənənəvi kitabxanalar bulud hesablamaları, data mining və süni intellekt kimi qabaqcıl texnologiyaların tətbiqi ilə intellektual kitabxanalara çevrilə bilərlər. Elektron kitabxanalar istifadəçilərin artan tələblərinə cavab verməkdə daha çox çətinliklərlə üzləşdiyindən, yeni nəsil intellektual kitabxana modellərinin yaradılması zərurətə çevrilib.
O bildirib ki, “ağıllı kitabxana” anlayışı müxtəlif ölkələrdə fərqli kontekstlərdə müxtəlif terminlərlə – “rəqəmsal”, “intellektual” kitabxana kimi ifadə olunur. Bu kimi kitabxanaların əsas məqsədi istifadəçi mərkəzli, çevik, funksional və inteqrasiya olunmuş sistemlərin formalaşdırılmasıdır.
D. Əlizadə “intellektual kitabxana”nın əsas komponentləri haqqında məlumat verərək qeyd edib ki, bu kitabxanalar güclü texnoloji infrastruktur, məlumat resurslarının inteqrasiyası, analitika və istifadəçi təcrübəsinin optimallaşdırılması kimi xüsusiyyətlərlə seçilir. Texnologiya nə qədər inkişaf etsə də, insan faktoru və idarəetmə prosesləri bu sistemlərin uğurlu fəaliyyətində həlledici rol oynayır.
İntellektual kitabxanaların adi elektron kitabxanalardan daha geniş imkanlara malik olduğunu qeyd edən tədqiqatçı, onların məlumat mübadiləsini, peşəkar sənədlərin birgə hazırlanmasını və resurslara sürətli çıxışı təmin etdiyini vurğulayıb: “Bu kitabxanalar istifadəçilərin aktiv iştirakını, məlumatın avtomatik sistemləşdirilməsini və rəqəmsal resursların dinamik idarə olunmasını mümkün edir”.
Məruzədə intellektual kitabxanaların əsas üstünlükləri kimi sürətli və effektiv məlumat əldəetmə, fərdiləşdirilmiş xidmətlər, resursların optimallaşdırılması, texnologiya ilə insan harmoniyasının təmin edilməsi, əlçatanlıq və inteqrasiyanın artırılması göstərilib. Bu sistemlərin qarşılaşdığı əsas çətinliklər – yüksək texnoloji xərclər, məlumat təhlükəsizliyi, məxfilik, insan resurslarının peşəkarlıq səviyyəsi və davamlı yenilənmə tələbi qeyd olunub.
Həmçinin intellektual kitabxanalarda süni intellekt texnologiyalarının, sentiment analizinin, antiplagiat sistemlərinin, eləcə də müəllif hüquqlarının qorunmasının vacibliyi vurğulanıb. Bu kontekstdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verilib, eləcə də “copyright” və “copyleft” anlayışlarına aydınlıq gətirilib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.