UNESCO-Özbəkistan Əl-Biruni mükafatına Ramiz Alıquliyevin namizədliyi qəbul olunub

03 Oktyabr 2025 - 15:31 | Mühüm hadisələr
UNESCO-Özbəkistan Əl-Biruni mükafatına Ramiz Alıquliyevin namizədliyi qəbul olunub

Süni intellekt və onun etik nəticələrinin araşdırılmasına mühüm töhfələr verdiyinə görə AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin UNESCO-Özbəkistan Əl-Biruni mükafatına namizədliyi təsdiqlənib.

Bu barədə institutun Elmi şurasının iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib. Alim qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olan məktuba əsasən, süni intellekt sahəsində yüksək nailiyyətləri ilə seçilən AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin həmin mükafata namizədliyi təklif olunub.

Akademik Rasim Əliquliyev AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin elmi fəaliyyəti haqqında məlumat verərək bildirib ki, onun süni intellekt sahəsində apardığı araşdırmalar beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Belə ki, alimin adı 2020-ci ildən başlayaraq hər il Stenford Universitetinin dərc etdiyi, süni intellekt sahəsində dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısına daxil edilir.

AMEA-nın vitse-prezidenti əlavə edib ki, AMEA-nın müxbir üzvü R.Alıquliyev süni intellekt, verilənlərin intellektual analizi (data mining), böyük verilənlərin analitikası (big data analytics), dərin öyrənmə (deep learning), təkamül (evolutionary) və sürü intellekti (swarm intelligence) alqoritmləri və s. aktual elmi istiqamətlərdə tədqiqatlar aparır. Alim həmçinin Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktorudur.

Qeyd edək ki, Əl-Biruni Mükafatının əsas məqsədi süni intellekt və onun etik təsirləri ilə bağlı tədqiqatlar aparmaqla elmə mühüm töhfələr vermiş şəxslərin, institutların və təşkilatların fəaliyyətini qiymətləndirməkdən ibarətdir. Mükafata layiq görüləcək 3 qalibin (şəxs, institut və təşkilat) hər birinə 30,000 ABŞ dolları məbləğində vəsaitin verilməsi nəzərdə tutulur.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.