ETN İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Həmkarlar Komitəsinin sədri Anar Səmidov çıxış edərək Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 2008-ci ildə təsis edilmiş Ümumdünya Layiqli Əmək Günü ilə bağlı məlumat verib. Bildirib ki, bütün dünyada hər il oktyabrın 7-də keçirilən bu günün əsas məqsədi insanların hüquqlarını qorumaq və əmək şəraitini yaxşılaşdırmaq, eyni zamanda dünyanın bütün həmkarlar ittifaqlarını layiqli əmək şəraitinin təmin edilməsi uğrunda fəaliyyətə səfərbər etməkdir.
A.Səmidov həmçinin institutda Həmkarlar Komitəsi tərəfindən əməkdaşların əmək, sosial və iqtisadi hüquqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin müdafiəsi, əmək intizamının təmin olunması, gənclərlə asudə vaxtın səmərəli təşkili və s. istiqamətlərdə görülən işlər haqqında məlumat verib.
Sonra institutun baş mühəndisi Şakir Mehdiyev çıxış edərək Ümumdünya Layiqli Əmək Günündə insan hüquqlarına, eləcə də işçilərin əməyinin mühafizəsi və stimullaşdırılması, onların fiziki və əqli toxunulmazlığının təmin olunması məsələlərinə diqqət göstərildiyini söyləyib. İnformasiya Texnologiyaları İnstitutunda hər bir əməkdaş üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini, işçilərin qarşılaşdıqları problem və məsələlərin səmərəli həllinə dəstək göstərildiyini söyləyib.
Tədbirdə həmçinin institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, böyük elmi işçi Əfruz Qurbanova və digərləri çıxış edərək Ümumdünya Layiqli Əmək Gününün məqsəd və vəzifələri ilə bağlı fikirlərini bölüşüblər. İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətin inkişaf etdirilməsi və əməkdaşlara göstərilən intellektual dəstəklə yanaşı, bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin təşviq edildiyini qeyd ediblər. Həmçinin institut əməkdaşlarının müxtəlif problemlərinin həll edilməsi, onların bir araya gətirilərək qurumun ictimai həyatında fəal iştiraka cəlb olunması və digər təşkilati işlərin yüksək səviyyədə, şəffaf şəkildə həyata keçirildiyini vurğulayıblar.
Sonda institutun Həmkarlar Komitəsinin qarşısında duran vəzifələr, işçilərin fərdi inkişaf imkanları, iş yerində təhlükəsizlik, səmərəli əməkhaqqı, sosial-məişət və digər problemlərin həlli ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.