SCADA sistemlərinin neft-qaz sənayesində tətbiqinə dair yeni model təklif olunub
Fog Computing əsaslı SCADA sistemlərinin konseptual arxitekturası təqdim olunub
Fog Computing əsaslı SCADA sistemləri neft-qaz sənayesində daha etibarlı, səmərəli və real vaxt nəzarətini mümkün edən bir yanaşma təqdim edir.
ETN İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları “Fog Computing əsaslı SCADA sistemlərində gecikmələrin azaldılması və optimizasiya modeli” mövzusunda məruzə “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda VI beynəlxalq konfransda (PCI 2025) müzakirə olunub.
Məruzəni təqdim edən M.Həşimov bildirib ki, məqalədə SCADA (Supervisory Control and Data Acquisition) sistemlərinin neft-qaz sənayesində Fog Computing texnologiyası ilə inteqrasiyası araşdırılmışdır. Qeyd edib ki, ənənəvi və bulud əsaslı SCADA sistemlərində məlumatların mərkəzi serverlərə göndərilməsi gecikmələrə səbəb ola bilər. Fog Computing isə məlumatları sensorlara yaxın yerlərdə, yəni şəbəkənin kənarında emal etməyə imkan verir: “Bu yanaşma real vaxtda cavab sürətini artırır, şəbəkə yükünü azaldır, məlumat təhlükəsizliyini gücləndirir və hesablama resurslarının optimal istifadəsini təmin edir”.
Tədqiqatçının sözlərinə görə, məqalədə Fog Computing əsaslı SCADA sistemlərinin konseptual arxitekturası təqdim olunmuş, sensor məlumatlarının fog cihazlara optimal yerləşdirilməsi üçün Binary Integer Linear Programming (BILP) modeli təklif edilmişdir.
“Eksperiment göstərir ki, tapşırıqların optimal bölgüsü sistemin cavab sürətini artırır, şəbəkə yükünü azaldır və resurslardan səmərəli istifadəni təmin edir. Nəticədə, Fog Computing əsaslı SCADA sistemləri neft-qaz sənayesində daha etibarlı, səmərəli və real vaxt nəzarətini mümkün edən bir yanaşma təqdim edir”, – deyə M.Həşimov əlavə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.