AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və institutun böyük elmi işçisi Əfruz Qurbanovanın həmmüəllifi olduqları “Milli Terminoloji İnformasiya Sistemi çərçivəsində termin yaradıcılığı proseslərinin qiymətləndirilməsi” adlı məruzə 6-cı Beynəlxalq “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) konfransında təqdim edilib.
Məruzə ilə çıxış edən Ə.Qurbanova qeyd edib ki, terminoloji proseslərin analizi, qiymətləndirilməsi və monitorinqi istənilən terminoloji informasiya sistemlərində terminologiyanın effektiv idarə edilməsinin əsas elementləridir. Məruzəçinin sözlərinə görə, bu proseslərin müxtəlif bilik sahələri arasında müqayisəsi hər bir sahənin xüsusiyyətlərini daha yaxşı başa düşməyə və terminoloji işin təşkilinə daha səmərəli yanaşmaların işlənib hazırlanmasına imkan verir.
Tədqiqatçı işdə müxtəlif bilik sahələri üzrə termin yaradıcılığı prosesinin dinamikasını xarakterizə etmək üçün indikatorun təklif edildiyini vurğulayaraq, bu indikatorun köməyi ilə bilik sahələri üzrə termin yaradıcılığı prosesinin tərəqqisini və ya tənəzzülünü müəyyənləşdirməyin mümkün olduğunu diqqətə çatdırıb. Bildirib ki, tədqiqat işi çərçivəsində iki və daha çox bilik sahəsinin terminləri əsasında kəsişmələrinə baxılmışdır.
“Müxtəlif bilik sahələri arasında müqayisələr aparmaqla həmin sahələr arasında oxşarlıqları və fərqləri, yəni, müxtəlif sahələrdə ümumi və unikal terminləri, anlayışları və aralarındakı əlaqələri müəyyən emək mümkündür”, – deyə məruzəçi qeyd edib.
Ə.Qurbanova təklif edilən indikatorun tətbiqi məqsədilə eksperimentlərin aparıldığını və nəticələrin analiz olunduğunu söyləyib.
O, çıxışının sonunda strukturlaşdırılmış metaverilənlərə və statistik analizə əsaslanan bu indikatorun Milli Terminologiya İnformasiya Sistemində terminologiyanın idarə edilməsinin səmərəliliyini və şəffaflığını əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.