E-elm və e-təhsilin inteqrasiyası problemləri tədqiq olunur

29 Avqust 2025 - 16:00 | Konfranslar, İclaslar
E-elm və e-təhsilin inteqrasiyası problemləri tədqiq olunur

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının struktur bölmələrin 2025-ci ilin birinci yarısı üzrə hesabatlarına həsr olunmuş növbəti iclasında 5 saylı şöbənin hesabatı dinlənildi. Hesabatı şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təqdim etdi. O, əvvəlcə araşdırmalar aparılan elmi problemlər və mövzular haqqında qısa məlumat verdi. Sonra o, hər bir mövzu üzrə aparılmış tədqiqatlar, alınmış nəticələr və onların aprobasiyası barədə elmi şura üzvlərini məlumatlandırdı.

Alim “Sənaye 4.0” platformasında e-elm və e-təhsilin inteqrasiyasına dair elmi-metodoloji və praktiki problemlərin tədqiqi istiqamətində araşdırmaların aparıldığını qeyd edib. O, araşdırmaların rəqəmsal inkişaf çağırışları əsasında e-elm və e-təhsil mühitinin inkişaf perspektivləri, həmçinin bu mühitdə süni intellektə əsaslanan innovasiyaların formalaşması və inkişafını əhatə etdiyini vurğuladı.

Ramiz Alıquliyev çıxışında vətəndaş elmi layihələrində Industry 4.0 həllərinin tətbiqi üzrə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, tədqiqatlar çərçivəsində böyük verilənlərə əsaslanan vətəndaş elmi problemlərində dərin təlim metodlarının tətbiqi problemləri, o cümlədən rəqəmsal və dayanıqlı inkişaf sahəsində vətəndaş elminin təsir imkanları araşdırılmışdır.

Bununla yanaşı, Ramiz Alıquliyev çıxışı zamanı şöbədə e-elmin formalaşması və elmmetriya problemləri üzrə elmi tədqiqatlar aparan doktorant və dissertantların fəaliyyəti barədə məlumat təqdim etdi. O, bildirdi ki, elmi fəaliyyətin bəzi göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda tədqiqatlar aparılmışdır. Bu istiqamətdə tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi metodlarının müqayisəli analizi aparılmış və çoxmeyarlı qiymətləndirmə üçün metod işlənmişdir.

Alim hesabat dövrü ərzində şöbə əməkdaşları tərəfindən Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərdə, həmçinin respublika və beynəlxalq səviyyəli konfranslarda nəşr olunan məqalə və tezislər barədə məlumat təqdim etdi.

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev həmçinin şöbə əməkdaşlarının elmi-praktik və innovativ, elmi-ekspertiza və elmi-təşkilati, pedaqoji fəaliyyəti, qrant layihələrinə cəlb olunmaları, elmi kadrların hazırlanması, elmin təbliği və populyarlaşdırılması sahəsində görülmüş işlər haqqında da danışdı.

Hesabata dair AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin elmi fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemləri əhatə edən tədqiqatların dərinləşdirilməsi, eləcə də əldə olunan nəticələrin institutun elmi seminarlarında müzakirə olunmasının əhəmiyyətini vurğuladı, bu istiqamətdə bir sıra təklif və tövsiyələrini səsləndirdi.

Elmi Şuranın qərarı ilə 5 saylı şöbənin 2025-ci ilin birinci yarısı üzrə elmi fəaliyyəti qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.