ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən şöbə seminarında “Milli səviyyədə iqtisadi inkişafın yaşıl rəqəmsal transformasiyası: problemlər və onların həllinə konseptual yanaşma” mövzusunda məruzə dinlənilib.
Seminarda çıxış edən institutun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev müasir dövrdə yaşıl rəqəmsal transformasiya problemlərinin böyük aktuallıq kəsb etdiyini qeyd edib. O, qlobal çağırışlara uyğun olaraq dünyada yaşıl enerji, yaşıl texnologiya, yaşıl iqtisadiyyat, yaşıl təfəkkürün və s. sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, müasir dövrdə yaşıl rəqəmsal transformasiya bütün sahələrə ciddi təsir göstərir, iqtisadi inkişafa mühüm töhfə verir.
Sonra seminarda institutun əməkdaşı Xəyalə Əbdülhüseynova çıxış edərək iqtisadi inkişafın formalaşması, innovativ texnologiyaların iqtisadiyyata təsiri və bu prosesin yaşıl transformasiya ilə əlaqəli tərəflərindən bəhs edib. Məruzəçi bildirib ki, texnologiyaların iqtisadi sistemlərə inteqrasiyası təkcə sənaye sahələrində deyil, həm də kənd təsərrüfatı, enerji və xidmət sektorlarında mühüm dəyişikliklərə səbəb olur. O, yaşıl texnologiyaların və rəqəmsal həllərin tətbiqinin bərpa olunan enerji mənbələrinin inkişafına, tullantıların səmərəli idarə olunmasına və ekoloji yükün azaldılmasına xidmət etdiyini qeyd edib. Bildirib ki, bu transformasiya modeli davamlı və ədalətli iqtisadi inkişafın mühüm şərtlərindəndir.
X.Əbdülhüseynova, “yaşıl iqtisadiyyat” və “rəqəmsallaşma” proseslərinin bir-birini tamamladığını və gələcək iqtisadi modelin əsasını təşkil etdiyini bildirib: “Ağıllı şəhərlər”, “ağıllı kəndlər”, “yaşıl enerji zonaları” və “sıfır karbon emissiyası” kimi strategiyalar bu inteqrasiyanın konkret tətbiq nümunələridir”.
Tədqiqatçı çıxışı zamanı yaşıl rəqəmsal texnologiyaların transformasiyasında mövcud problemlərdən də bəhs edib. Buraya kadr potensialının zəifliyi, eləcə də infrastruktur və hüquqi-maliyyə mexanizmləri çatışmazlığının daxil olduğunu qeyd edib.
Sonda yaşıl rəqəmsal texnologiyaların Azərbaycanın dayanıqlı iqtisadi inkişafında rolu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Aparılan tədqiqatların nəticəsi kimi məqalənin hazırlanması və nüfuzlu jurnalda çap olunması tövsiyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.