ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb, iclasda qarşıda duran vəzifələrin icrası ilə bağlı müzakirələrin aparılacağını bildirib.
Akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun müasir çağırışlara uyğun olaraq elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsində, ölkə başçısı tərəfindən qəbul edilən proqramların icrası və bir sıra mühüm elmi-tədqiqat layihələrinin hazırlanmasında yaxından iştirak etdiyini diqqətə çatdırıb. Baş direktor “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin sərəncamının icrasından irəli gələn vəzifələrə müvafiq olaraq, institutun fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.
Alim institutun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, o cümlədən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə bağlı müəyyənləşdirilmiş vəzifələrin icrasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.
İnstitut əməkdaşlarının əməyinin stimullaşdırılması məsələsinə toxunan akademik R.Əliquliyev elmi fəaliyyətin səmərəliliyinin artırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın vacibliyini önə çəkib. AMEA-nın vitse-prezidenti İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin AR Dövlət Neft Şirkətinin Elm Fondu, Azərbaycan Elm Fondu, eləcə də AR Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən elmi-tədqiqat və qrant layihələrində iştirak etdiklərini vurğulayaraq, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Sonra institutun elmi katibi Nərmin Adıgözəlova çıxış edərək struktur bölmələrdə aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan tədqiqatlarla bağlı icmalların hazırlanması, eləcə də institutun doktorant və dissertantlarının tədqiqat işlərinin icra vəziyyətinə dair ətraflı məlumat verib.
İnstitutun Elmi şurasının iclasında bu qurumun təşkilatçısı olduğu konfranslar haqqında da ətraflı məlumat təqdim olunub. “AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin yeni reallıqları, istismarı və idarə olunmasının tənzimlənməsi məsələləri” mövzusunda respublika elmi-praktiki seminarı, o cümlədən institutun həmtəşkilatçılığı ilə “Riyaziyyat və mexanikanın müasir problemləri” XII beynəlxalq elmi konfransı, eləcə də “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2025” XVIII beynəlxalq elmi konfransı və digər tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.
İclasda elmi kadrların hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Elmi dərəcəsi olan əməkdaşların doktorant və dissertantların elmi rəhbərliyinə cəlb edilməsinin və yeni doktorantlar üçün elmi mövzuların irəli sürülməsinin vacibliyi qeyd olunub. Həmçinin 2025-ci il üzrə institutun doktoranturasına qəbulun cari vəziyyəti və doktorant və dissertantların attestasiyasının aparılması və nəticələrinin qiymətləndirilməsi məsələləri də diqqət mərkəzində olub.
Tədbirdə institutun struktur bölmələrində keçirilən elmi seminarlar, Bakı Biznes Universitetinin tələbələrinin institutun Tədris-İnnovasiya Mərkəzində keçirilən imtahanlarının nəticələri, ikt.az saytının fəaliyyəti, institut əməkdaşlarının 2025-ci ilin birinci yarısı üzrə baş tutan elmi ezamiyyətləri, eləcə də digər cari məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.