İnstitutun aparıcı elmi işçisi əqli mülkiyyət hüququnun qorunmasına dair tədbirdə iştirak edib

17 Aprel 2025 - 10:15 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərin yekun toplantısında iştirak edib.

AR Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (İB) həyata keçirdiyi “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib. Layihənin əsas məqsədi yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.

Təlimlərin yekunu olaraq əqli mülkiyyət hüququnun qorunması ilə bağlı mövcud problemlərin həlli və verilən tapşırıqların icrası məqsədilə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbirdə layihə icraçıları, elm və təhsil sahəsində fəaliyyət göstərən alim və mütəxəssislər, eləcə də müvafiq dövlət qurumlarının məsul əməkdaşları iştirak ediblər. Toplantıda əqli mülkiyyət hüququnun reallaşması, tətbiqi və müdafiəsi ilə bağlı mövcud problemlər, Azərbaycanda əqli mülkiyyət hüququnun qorunması üçün müəlliflərin sosial iqtisadi imkanlarının genişləndirilməsi, ayrı-ayrı ixtisas sahələrinin inkişafı və digər mühüm məsələlər ətrafında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Toplantı çərçivəsində, həmçinin Əqli Mülkiyyət Agentliyinin nəşr etdirdiyi kitabların sərgisi təşkil edilib, iştirakçılara “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin hazırladığı normativ sənədlər toplusu təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.