AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri EaPonnect layihəsinin 10 illik yubiley tədbirində iştirak edib

17 Mart 2025 - 09:35 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev EaPonnect layihəsinin “EaP National Research and Education Networks – Towards new frontiers” adlı iclasında iştirak edib.

Polşanın Poznan şəhərində keçirilən tədbirdə son 10 ildə Şərq Tərəfdaşlığı ölkələrinin Milli Tədqiqat və Təhsil Şəbəkələri tərəfindən EaPConnect layihəsi çərçivəsində əldə olunan nailiyyətlər və perspektivlərə dair müzakirələr aparılıb. Bu layihənin gələcəkdə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxmından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub. Həmçinin, Şərq Tərəfdaşlığı ölkələrinin Milli Elm və Təhsil Şəbəkələrinin, layihə tərəfdaşlarının, GEANT-ın və müxtəlif komanda üzvlərinin regionda elm və təhsil ekosistemlərinin rəqəmsal transformasiyasında roluna dair fikri mübadiləsi aparılıb.

Tex.ü.f.d B.Nəbiyev səfər çərçivəsində GEANT Assosiasiyasının Baş Assambleyasının 35-ci iclasında da iştirak edib. Bu il də tədbirdə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən olan rəsmi nümayəndələr toplaşaraq müzakirələr aparıblar. Toplantıda 2025-ci il üzrə innovasiya proqramı, şəbəkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi, GEANT-ın fəaliyyət planı, Assosiasiyaya üzvlük, strateji istiqamətlər, cari layihələr və digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub.

Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.