Bakı Biznes Universitetinin tələbələri İnformasiya Texnologiyaları İnstitutunda imtahan veriblər

13 Yanvar 2025 - 09:32 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “Biznes və menecment” fakültəsində “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün imtahan keçirildi. İmtahan tələbələrin “Veb sistemləri və texnologiyaları” fənni üzrə bilik və bacarıqlarını qiymətləndirmək məqsədini daşıyırdı.

Bu imtahan, İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Biznes Universiteti arasında 2022-ci ildən davam edən əməkdaşlıq çərçivəsində təşkil olunur. Müqaviləyə əsasən, institutun mütəxəssisləri tərəfindən semestr ərzində tələbələrə “Veb sistemləri və texnologiyaları” fənni ilə yanaşı, “Python proqramlaşdırma dili”, “Kompüter qrafikası” və digər fənlər üzrə də nəzəri və praktiki dərslər tədris olunur, onların bilik və bacarıqlarını qiymətləndirmək və inkişaf etdirmək məqsədilə müxtəlif imtahanlar təşkil edilir.

Qeyd edək ki, bu əməkdaşlıq proqramı, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki təcrübə əldə etmələrini də təmin edir. Tələbələr, informasiya texnologiyaları sahəsində peşəkar kadrlar kimi yetişmək üçün əhəmiyyətli bir imkan qazanırlar.

İmtahan prosesi, komissiyanın sədri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, komissiya üzvləri - baş elmi işçi, dosent Şəfəqət Mahmudova və baş mütəxəssis Raqif İsmayılovdan ibarət komissiya tərəfindən izlənilib. 

Növbəti imtahanlar 17, 21 və 24 yanvar tarixlərində keçiriləcək. Ümumilikdə, bu imtahanlarda 50-yə yaxın tələbənin iştirakı gözlənilir. İmtahanda yüksək nəticə göstərən tələbələr İnformasiya Texnologiyaları İnstitutunun sertifikatları ilə təltif ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.