Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

10 Yanvar 2025 - 17:17 | Konfranslar, İclaslar
Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən seminarda “Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınan elmi-nəzəri nəticələr müzakirə olunub.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat tədqiqat işində kiberfiziki sistemlərin informasiya texnologiyalarının kibertəhlükəsizliyinin və əməliyyat texnologiyalarının qorunmasının təmin edilməsi üsulları və alqoritmlərinin işlənildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu və kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir. Tədqiqatçı qeyd edib ki, iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqlarının təsnifat metodu işlənmişdir.

L.Suxostatın sözlərinə görə, dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodlar təklif olunmuşdur: “Bu yanaşmalar arasında Bayes hücum qrafiki əsasında kiberfiziki sistemlərin funksional komponentlərinin zəifliklərinin kritikliyini müəyyən etmək üçün metod, o cümlədən Suqeno qeyri-səlis inteqralından istifadə edən risklərinin qiymətləndirilməsi metodu işlənmişdir”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb. 

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirib. Baş direktor kiberfiziki sistemlərin təhlükəsizliyinin təmin edilməsi, kiberfiziki infrastrukturun kiberdayanıqlığının qiymətləndirilməsi məsələlərinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib. Akademik R.Əliquliyev dissertasiya işinin institutun elmi seminarında müzakirəyə təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.